Çox zaman kiberhücumların hədəfi konkret dövlət və ya özəl təşkilatlar olsa da, əsas məqsəd sayca daha çox İnternet istifadəçisini hücuma məruz qoymaqdır. Bu cür hücumlar kibercinayətkarlar üçün asan olmaqla yanaşı, İnternet istifadəçilərinə ciddi problemlər yarada bilirlər. Mütəxəssislər 2021-ci ildə bu bədniyyətli “aktiv”liyin istifadəçilərə 321 trilyon ABŞ dolları həcmində ziyan vuracağını proqnozlaşdırırlar.
Ümumdünya İqtisadi Forumu Yer əhalisinin gələcək kibertəhlükəsizliyini və rəqəmsal “əmin-amanlığ”ını təmin etmək məqsədi ilə İnternet-provayderlərdən və çoxşaxəli fəaliyyət trayektoriyasına malik təşkilatların üzvlərindən ibarət işçi qrupu yaradıb. İşçi qrupunun əsas məqsədi kiberhücumların qarşısını almaq və istifadəçilərin təhlükəsizliyini təmin etməkdir. Bu platforma həm də bir qrup aparıcı İnternet xidməti təminatçılarını və çoxtərəfli təşkilatları bir araya gətirir.
Ümumdünya Ticarət Forumunun rəsmi saytı xəbər verir ki, bir il davam edən hazırlıq işlərindən sonra, kibercinayətkarların hücumlarının qarşısını ala biləcək dörd prinsip qəbul edilib. Hər bir prinsip özündə həll edəcəyi problemləri və həlli yollarını ehtiva edir. Həmçinin, müvafiq tövsiyələr hər bir prinsipin necə həyata keçiriləcəyi barədə daha ətraflı məlumat verir.