Yanvarın 22-də AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib.
Əvvəlcə AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunmuş – Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli, Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu, Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov və Memarlıq və İncəsənət İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadəyə yubiley medallarını təqdim edib.
Sonra akademik Ramiz Mehdiyev iclasda AMEA-nın Humanitar Elmlər Bölməsinin və Şəki Regional Elmi Mərkəzinin 2019-cu ildəki elmi və elmi-təşkilati fəaliyyətlərini əks etdirən hesabatlarının dinləniləcəyini diqqətə çatdırıb.
Humanitar Elmlər Bölməsinin 2019-cu ildəki elmi və elmi-təşkilati fəaliyyəti barədə AMEA-nın I vitse-prezidenti, akademik İsa Həbibbəyli çıxış edib. O, böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyini nəzərə alaraq, Azərbaycan Respublikası Prezidentinin 2019-cu ilin ölkədə “Nəsimi ili” elan etməsinin ölkəmizdə humanitar fikrə, ədəbiyyatımıza göstərilən diqqət və qayğının bariz nümunəsi olduğunu deyib. İsa Həbibbəyli Şərq xalqlarının mədəni sərvətlər xəzinəsində layiqli yer tutan dahi şairin yaradıcılığının əhəmiyyətini təbliğ etmək məqsədilə Humanitar Elmlər Bölməsinin elmi tədqiqat müəssisələri ilə birgə fəaliyyət proqramı hazırladığını və bu istiqamətdə bir sıra təqdirəlayiq işlər görüldüyünü, tədbir çərçivəsində elmi sessiya, beynəlxalq elmi konfrans keçirildiyini, sərgi nümayiş etdirildiyini, bölmənin tərkibinə daxil olan institutların əməkdaşları tərəfindən Nəsimi irsinə dair bir sıra kitab və monoqrafiyaların nəşr olunduğunu diqqətə çatdırıb.
Qeyd olunub ki, bundan başqa, 2019-cu ildə bölmə üzrə müxtəlif sahələri əhatə edən 13 lüğətin, xüsusən də ictimaiyyətin gözlədiyi Orfoqrafiya lüğətinin hazırlanması başa çatdırılıb. Orfoqrafiya lüğətinin fevral ayında çapı nəzərdə tutulur.
Sonra bölmənin tərkibinə daxil olan institutların direktorları rəhbəri olduqları müəssisələrin mühüm elmi nəticələri barədə çıxış ediblər.
Məruzə dinlənildikdən sonra müzakirələr aparılıb, suallar cavablandırılıb. AMEA-nın vitse-prezidentləri, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev, akademik Tofiq Nağıyev və AMEA-nın akademik-katibi, müxbir üzv Əminağa Sadıqov müzakirələrdə iştirak ediblər. Rəyasət Heyəti təklifləri nəzərə alaraq Humanitar Elmlər Bölməsinin 2019-cu ildəki elmi və elmi-təşkilati fəaliyyətinə dair hesabatı təsdiq edib. Gündəlikdə yer alan növbəti məsələ AMEA-nın Şəki Regional Elmi Mərkəzinin 2019-cu ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında olub. Hesabat məruzəsi ilə çıxış edən mərkəzin direktoru, fizika üzrə fəlsəfə doktoru Yusif Şükürlü bildirib ki, mərkəzin ötənilki fəaliyyətində Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları, Nazirlər Kabineti və AMEA Rəyasət Heyətinin qərarları, AMEA prezidentinin sərəncamları əsas götürülüb, habelə dövlət proqramlarının icrasından irəli gələn işlər yerinə yetirilib.Hesabat ilində əldə olunan mühüm nəticələri diqqətə çatdıran mərkəz direktoru bildirib ki, əməkdaşların 5-i xaricdə olmaqla 27 elmi məqaləsi, 8-i xaricdə olmaqla 33 tezisi dərc olunub.Alim məruzəsində beynəlxalq elmi əlaqələr, keçirilən konfrans və yubileylər, struktur dəyişiklikləri, təltiflər, xarici ezamiyyətlər, gənc alim və mütəxəssislərin fəaliyyəti barədə də məlumat verib.Məruzə dinlənildikdən sonra müzakirə olunub, Yusif Şükürlü AMEA-nın I vitse-prezidentləri – akademik İsa Həbibbəyli, akademik İbrahim Quliyev, vitse-prezident, AMEA İTİ-nin direktoru, akademik Rasim Əliquliyev və müxbir üzv Əminağa Sadıqovun səsləndirdiyi suallarla bağlı məsələlərə aydınlıq gətirib. Hesabat Rəyasət Heyətinin qərarı ilə təsdiq edilib. Alınmış mühüm nəticələrin AMEA-nın illik hesabatına daxil edilməsi qərara alınıb.Tədbirdə Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələrindən olan Məhəmməd Hadinin 140 illik yubileyinin qeyd olunması ilə bağlı tədbirlər planı təsdiq olunub.Sonda akademik Ramiz Mehdiyev aidiyyatı üzrə müvafiq tapşırıqlarını diqqətə çatdırıb.