6G şəbəkəsi 2030-cu ilə qədər Yaponiyada işə salınacaq.
Ölkə hakimiyyəti yeni rabitə standartının öyrənilməsi ilə bağlı genişmiqyaslı fəaliyyətə başlayıb və bu layihəyə 2 milyard dollardan çox vəsait ayırmaq niyyətindədir.
Tokio Universitetinin ekspertlərindən, eləcə də Daxili İşlər və Rabitə Nazirliyinin mütəxəssislərindən ibarət işçi qrupu yeni nəsil şəbəkənin inkişaf strategiyasını hazırlayırlar. Həmçinin, layihədə iştirak etmək üçün biznes sektorunun nümayəndələri - “Nippon Telegraph”,“Telephone” və “Toshiba” da dəvət olunub.
Mütəxəssislər qeyd edirlər ki, yeni nəsil şəbəkələrin yayılması Yaponiyada sürətli məlumat ötürülməsinə üstünlük verən “yeni cəmiyyət”in yaranmasına kömək edəcək. 6G-nin tətbiqi ilə məlumat ötürmənin sürəti 5G ilə müqayisədə 10 dəfə artacaq.
4pda.ru saytının məlumatına görə, Yaponiya hökuməti yeni formatın öyrənilməsinə 2,03 milyard dollar vəsait ayırıb. Həmçinin, layihə üçün pulsuz tezliklərin olması da planlaşdırılır. Oxşar proqramların Çin, Cənubi Koreya və Finlandiyada da tətbiq edilməsi nəzərdə tutulub.