26-29 noyabr 2019-cu il tarixlərində Rusiya Federasiyasının Pereslavl-Zalesskiy şəhərində “Milli Superkompüter Forumu” (Национальный Суперкомпьютерный Форум, НСКФ-2019) keçirilib. Rusiya Elmlər Akademiyasının Proqram Sistemləri İnstitutu tərəfindən həyata keçirilən bu forumda AMEA İnformasiya Texnologiyaları İnstitutunu Təhsil şöbəsinin müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Fərhad Yusifov və 4 saylı şöbənin mühəndis-proqramlaşdırıcısı Səməd Dursunov təmsil ediblər.
Forumda institut əməkdaşlarının həmmüəllifliyi ilə “AzScienceNet məlumat mərkəzinin hesablama imkanları haqqında” məruzə təqdim olunub.
Səməd Dursunov AzScienceNet şəbəkəsinin fəaliyyəti haqqında məlumat verib, onun Azərbaycanda elm və təhsil sahələrinin inteqrasiyasında böyük imkanlara malik olduğunu qeyd edib. Bildirib ki, AMEA-nın elmi tədqiqat müəssisələri ilə yanaşı, ölkənin təhsil müəssisələri də institutun AzScienceNet şəbəkəsi və Data Mərkəzin xidmətlərindən yararlanmaq imkanlarına malikdirlər. S.Dursunov Data Mərkəzdə göstərilən xidmətlərdən bəhs edərək burada hesablama və yaddaş resurslarından istifadə yolu ilə mürəkkəb məsələlərin emalı və yadda saxlanmasına xidmət edən hesablama sistemlərinin mövcud olduğunu vurğulayıb.
Məruzəçi AzScienceNet-in 2016-cı ildən Avropa üzrə bütün elm və təhsil qurumlarına xidmət göstərən nəhəng elektron infrastruktur olan GEANT-a qoşularaq Azərbaycanı bu qurumda təmsil etdiyini qeyd edib. O, AzScienceNet şəbəkəsinin Data Mərkəzinin hazırki texniki xarakteristikası, ölkənin elmi qurumlarına şəbəkənin təqdim etdiyi Wi-Fi, Cloud Computing, Cloud Storage, Hostinq, Eduroam, İP Telefoniya, LOLA paylanmış çoxterminallı məlumat xidməti, operativ məlumatlandırma, e-kitabxana, elektron poçt, distant tədris və s. xidmətlərdən istifadə imkanlarının yaradılması istiqamətində işlərdən bəhs edib. GEANT Assosiasiyasının Şərq Tərəfdaşlığı ölkələrini birləşdirən EaPConnect (Eastern Partnership Connect) layihəsi çərçivəsində reallaşdırılan layihələrin Azərbaycanda tətbiqindən danışıb. GEANT-ın təşəbbüsü və koordinasiyası ilə həyata keçirilən, Şərq Tərəfdaşlığı ölkələrini birləşdirən EaPConnect layihəsinin 2020-ci ildə ölkəmizdə keçiriləcək “5-ci Şərq Tərəfdaşlığı E-infrastrukturu Konfransı” (5th Eastern Partnership E-infrastructures Conference, EaPEC 2020) haqqında məlumat verib.
Qeyd edək ki, “Milli Superkompüter Forumu”nda superkompüter sənayesi ilə bağlı tədqiqat, inkişaf, istehsal, tətbiqetmə, istismar, element bazası, aparat vasitələri, infrastruktur həlləri, sistem proqram təminatı, proqramlar, aşağı və orta səviyyəli proqram təminatı, superkompüter xidmətləri, superkompüter sahəsinin təşkilati aspektləri kimi bütün məqamlar müzakirə olunub.