Ümumdünya Hörümçək Torunun, HTTP protokolu və HTML işarə dilinin yaradıcısı Tim Berners-Li hesab edir ki, onun “övladı” nifrət, mənfi rəy və yalan məlumat yayılan məkana çevrilib. Mühəndis İnterneti “xeyirli qlobal gücə” necə çevirməyi izah edib.
Berners-Li Ümumdünya şəbəkəsini yaratmaqla insanlar üçün OpenStreetMap, Vikipedia kimi daha faydalı vasitələrin daha çox olacağına ümid edirdi. Lakin üç onillikdən sonra hər şey o qədər də ürəkaçan olmayıb.
“Dələduzlar şəxsi məlumatları oğurlamaq, təqibçilər öz qurbanlarını qorxutmaq, pisniyyətli siyasi oyunçular demokratiyanı pozmaq üçün İnternetdən istifadə edirlər”, – deyə Berners-Li vəziyyəti izah edib.
nanonewsnet.ru saytının məlumatına görə, Tim Berners-Li İnterneti “şər mənbəyindən” xoş və faydalı yerə çevirmək üçün “Contract for the Web” adlı proqram hazırlayıb. Bu, onlayn dünyanın təhlükəsizliyini, açıqlığını və əlçatanlığını təmin etmək üçün qlobal plandır. Berners-Li “öz gələcəyini təyin edə bilən” şəxsləri - dövlət orqanları, iri şirkətlər, vətəndaş cəmiyyəti fəalları və ictimai təşkilatları bu təşəbbüsə qoşulmağa çağırır.
Açıq reyestrlərdə ictimai məlumatların dövlət institutları tərəfindən yayımlanması, hədəflənmiş siyasi reklamın qadağan edilməsi və şəxsi məlumatların tam məxfiliyinin təmin edilməsi İnternetin yaradıcısı tərəfindən təklif olunan tədbirlər sırasındadır. Həmçinin İnterneti bütün dünya üçün əlçatan etmək “Contract for the Web”in əsas vəzifələrindən biridir.
Berners-Linin təşəbbüsü artıq Fransa, Almaniya və Qana hökumətləri tərəfindən dəstəklənib. “Twitter”, “Facebook”, “Reddit” və “Google” kimi İnternet nəhəngləri, “DuckDuckGo” axtarış sistemi, “Sərhədlərsiz reportyorlar” və “Electronic Frontier Foundation” qeyri-kommersiya təşkilatları “Contract for the Web”ə qoşulublar.