İnstitutun əməkdaşları EaPConnect tərəfdaşları üçün keçirilən “Federated Cloud II” seminarında iştirak ediblər 2019-11-27 10:30:00 / KONFRANSLAR

21-22 noyabr tarixlərində İtaliyanın paytaxtı Roma şəhərində EaPConnect və GARR layihəsi çərçivəsində Bulud texnologiyaları və Bulud tətbiqlərinə həsr olunan “Federated Cloud II” adlı beynəlxalq seminar keçirildi.

Dəyirmi masa şəklində keçirilən 2 günlük seminarda Şərq Tərəfdaşlığı ölkələrini birləşdirən EaPConnect (Eastern Partnership Connect) layihəsinə üzv olan – Azərbaycan (AzScienceNet), Belarusiya (BASNET), Gürcüstan (GRENA), Moldova Respublikası (RENAM) və s. dövlətlərin milli tədqiqat və təhsil şəbəkələrinin rəhbərləri  iştirak edirdilər.

Tədbirin əsas məqsədi EaPConnect-ə üzv olan dövlətlərin qarşısında duran çətinlikləri, problemləri, onların aradan qaldırılması yollarını müzakirə etmək və üzv təşkilatlara informasiya və ekspert dəstəyinin göstərilməsi, praktiki tövsiyələrin verilməsi idi.

Qeyd edək ki, “Federated Cloud II” seminarında ölkəmizi İnformasiya Texnologiyaları İnstitutunun baş mütəxəssisi Tural Mustafayev, böyük elmi işçisi texnika üzrə fəlsəfə doktoru, dosent Lyudmila Suxostat və aparıcı elmi işçisi, texnika üzrə fəlsəfə doktoru, dosent Fərqanə Abdullayeva təmsil ediblər.

Xatırladaq ki, Avropanın Elm və Təhsil Şəbəkələri Assosiasiyasının (GEANT) təşəbbüsü və koordinasiyası ilə həyata keçirilən EaPConnect layihəsi Şərq Tərəfdaşlığı ölkələrini (Azərbaycan, Belarusiya, Gürcüstan, Moldova, Ukrayna və s.) əhatə edən elektron elm infrastrukturunun yaradılması və bu ölkələrdə fəaliyyət göstərən tədqiqat və təhsil müəssisələrində milyonlara alim, müəllim heyəti və tələbənin yüksəksürətli, genişzolaqlı İnternet şəbəkəsinə asanlıqla çıxışının təmin edilməsini nəzərdə tutur.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024