“Honor” brendinin sahibi olan “Huawei” şirkəti qabaqcıl üzgüçülük izləmə funksiyalarına malik “MagicWatch 2” fitnes-saatını təqdim edib. Onunla kiçik dərinliyə dalmaq və güclü su axını altında əlləri yumaq olar.
hitech.vesti.ru saytının məlumatına görə, “MagicWatch 2” ürək döyüntüsünün tezliyini, gedilmiş məsafəni, sürət və yandırılmış kaloriləri izləyir. Saat, həmçinin üzgüçülüyün effektivlik əmsalını – hovuzu bir istiqamətə doğru üzmək üçün lazım olan avar çəkmələrin və saniyələrin cəmini hesablaya bilir. Bu göstərici nə qədər aşağı olsa, üzgüçünün texnikası o qədər effektivdir.
Sözügedən saat “Apple Watch” kimi, gün ərzində ürək döyüntülərinin sayını izləyir və onların tezliyi çox yüksək və ya aşağı olduqda xəbərdarlıq edir. O, həmçinin tənəffüs tapşırıqları yerinə yetirməyi təklif edərək, stress atmağa kömək edir və yuxu pozulmalarının 6 yayılmış tipinə diaqnoz qoya bilir.
“Ağıllı” saatın korpusu 42 və 46 mm ölçülərində paslanmaz poladdan hazırlanıb. Onlar müvafiq olaraq, 1,2 düym (390x390 piksel) və 1,4 düym (454x454 piksel) AMOLED-ekranlara malikdirlər. Qurğunun daxilində “Kirin A1” prosessoru quraşdırılıb. “GPS”, “Bluetooth” və “QLONASS” (Глобальная навигационная спутниковая система – Qlobal Naviqasiya Peyk Sistemi) dəstəklənir.
4 Gb daxili yaddaşın yarısını musiqinin saxlanılması üçün ayırmaq olar. Saatın 42 mm olan modelinin akkumulyatoru 7 gün, 46 mm olan versiyasının batareyası isə 14 gün işləyə bilər.
Avropada “ağıllı” saatın kiçik versiyasını 179 avroya, böyük versiyasını isə 189 avroya əldə etmək mümkün olacaq. Qurğunun dekabrın 12-də satışa çıxarılması planlaşdırılır.