Sinqapurda “Internet Corporation for Assigned Names and Numbers”in (ICANN - İnternetdə domen adların və zonaların verilməsini həyata keçirən qeyri-kommersiya təşkilatı) 52-ci görüşü keçirilib.
Tədbirdə 100 ölkədən 1200-dən çox nümayəndə iştirak edib.
Konfransı giriş nitqi ilə açan “ICANN” İdarə Heyətinin sədri Stiv Kroker İnternet cəmiyyətinin diqqət yönəltməsinin vacib olduğu dörd əsas məqamı qeyd edib. Bunlar “Əşyaların İnterneti” texnologiyalarının inkişafı və artıq tezliklə qlobal İnternet şəbəkəsinə qoşulacaq milyonlarla mobil qurğular üçün unikal identifikatorların tətbiqinə yaranan zərurət, informasiya təhlükəsizliyi və fərdi məlumatların mühafizəsi problemləri, domen məkanına nəzarət funksiyasının ABŞ hökumətindən dünya İnternet cəmiyyətinə verilməsi və “ICANN” korporasiyasının fəaliyyətinin effektivliyi və şəffaflığının artırılması ilə bağlı məsələlərdir.
Sinqapurun rabitə və informasiya naziri Yakob Bin İbrahim Asiya-Sakit okean regionunun qlobal İnternetin inkişafında vacib rolunu vurğulayaraq ölkəsinin “ICANN” ilə sıx əməkdaşlığından məmnunluğunu ifadə edib. Nazir həmçinin bütün maraqlı tərəflərin İnternet idarəçiliyində bərabər iştirakının prinsiplərinə sadiq olduğunu bildirib.
Sonra ABŞ-ın keçmiş prezidenti Bill Klintonun baş məsləhətçisi Ayra Meqazayner söz alaraq görüş iştirakçılarına 20 il əvvəl qlobal şəbəkənin idarəetmə prinsipləri və korporasiyanın yaradılması ilə bağlı qərarların qəbul olunduğunu xatırladıb.
İclasa “ICANN” prezidenti Fadi Şehade yekun vuraraq korporasiyanın işinin son nəticələri haqqında məlumat verib, təşkilatın fəaliyyət istiqamətlərini diqqətə çatdırıb.