Tədqiqatçılar qrupu insan beyninin neyronlarının elektron imitasiyasını yaradıb. O, uzun müddət istifadə edilməmiş informasiyanı “unuda” bilir.
Beyin mükəmməl hesablayıcı maşın olduğundan mühəndislərin onun sistemlərini təqlid etməyə çalışmaları heç də təəccüblü deyil. Yeni tədqiqat mükəmməl təqlidə doğru daha bir addım atmağa imkan verib. Alimlər insanın beyni kimi, informasiyanı “unuda” bilən qurğu yaradıblar.
popmech.ru saytının məlumatına görə, yeni sistem “memristor” (ingilis dilində “memory” (yaddaş) və “resistor” (rezistor) sözlərinin birləşməsindən əmələ gəlib) adlandırılıb. O, insan beyninin sinapslarının strukturunu təqlid edir və bu qayda ilə informasiyanı yaddaşda saxlayır, uzun müddət müraciət etmədikdə isə onu “unudur”.
Hazırda bu qurğunun praktiki tətbiq sahəsi mövcud deyil. Lakin məhz belə sistemlər yeni tip neyrokompüter hazırlamağa kömək edir. Hər halda istehsalçılar istəyərək və ya istəmədən beyinin fəaliyyətini təqlid etməli olurlar.
Analoji neyrokompüterdə elektron komponentlər (məsələn, memristor) ayrı-ayrı neyronlar və sinapsların rolunu oynayır. Mühəndislər bildirirlər ki, bu, yalnız hesablamaları sürətləndirməyəcək, həm də enerji sərfiyyatını azaltmağa imkan verəcək. Hazırda bu, yalnız ayrı-ayrı komponentlərin formatında təcəssüm olunan hipotetik konseptdir. Çünki başlanğıc üçün alimlər elektronikaya sinaptik plastikliyi təqlid etməyi necə öyrətməyi aydınlaşdırmalıdırlar. Bu xüsusiyyət sayəsində beyinin aktiv sinapsları zamanla güclənir, aktiv olmayanlar isə daha da zəifləyir. Həkimlərin fikrincə, məhz onun köməyilə insan beynində xatirələr onilliklərlə saxlanır, digərləri isə yaddaşdan silinir.
Yeni prototip üçün mühəndislər hafnium oksid adlı materialdan istifadə ediblər. O, artıq “Intel” kimi şirkətlər tərəfindən mikroçiplərin yaradılması üçün istifadə olunur. Faktiki olaraq, neyronların “unutqanlığı” prosessorun silisium və hafnium hissələri arasındakı interfeysdə bir qüsur ilə imitasiya edilib. O, adətən, bir çox problemin mənbəyi kimi xidmət edir, lakin bu halda tədqiqatçılar qüsuru xeyirə çeviriblər. Belə ki, memristorun keçiriciliyi zamanla zəifləyir və lazımsız məlumatlar silinir.
Əlbəttə ki, texnologiyanın təkmilləşdirilməsi üçün uzun müddət tələb olunur. İnsan beyninin mükəmməl təqlidi “klassik” hesablama sistemlərindən səmərəlilik baxımından geri qala bilər. Lakin bunu yalnız sınaqlardan sonra anlamaq mümkün olacaq.