“Spelfie.com” resursu öz layihəsini “tarixdə ən uzun selfi çubuğu” adlandırır. Fotolar təxminən 36 min km hündürlükdə yerləşən peyk tərəfindən çəkilir. Təəssüf ki, peykin optik qabiliyyətləri istifadəçiyə öz fotosuna ətraflı baxmağa imkan verəcək qədər yaxşı deyil. Lakin o, böyük tədbirlər və fləşmobların çəkilişi üçün uyğundur.
Məsələn, artıq Bali adasının çirkləndirilməsinə diqqəti cəlb etməyə çalışan ekoloji aktivistlər “Spelfie” xidmətlərindən istifadə ediblər. Onlar öz bədənləri ilə çimərlikdə “Act Now” (İndi hərəkətə keç) yazısını formalaşdırıblar, peyk isə onun şəklini çəkib.
igate.com.ua saytının məlumatında bildirilir ki, belə bir tədbirdə iştirak etmək üçün proqramın xəritəsində hadisənin yeri və vaxtını öncədən qeyd etmək lazımdır. Çəkiliş üçün koordinatlar “Airbus” şirkətinin peyklərinə ötürülür. Sonra hadisə zamanı proqramın köməyilə adi selfi etmək tələb olunur. Yer kürəsində və kosmosda iki foto eyni zamanda çəkiləcək. Bir neçə saat ərzində “Spelfie” hazır fotonu istifadəçiyə göndərəcək.
Layihənin baş direktoru Kris Nyulends iddia edir ki, “Spelfie” yalnız yüksəktexnologiyalı oyuncaq deyil, sosial şəbəkə və təsvirlərin köməyilə dünyanı dəyişdirməyə çalışan insanlara real kömək göstərmək üçün nəzərdə tutulmuş layihədir.
“Spelfie” əməkdaşlıq müqavilələrindən də imtina etmir. Məsələn, şirkət turizm agentlikləri ilə fəal əməkdaşlıq edir. Seyşel adaları artıq öz kurortlarının reklamı üçün bu texnologiyadan istifadə etmək niyyətindədir. “Spelfie” gələcəkdə dünyanın hər hansı nöqtəsində olan istənilən şəxsə “kosmik selfi” etməyə imkan verəcək.