Azərbaycanda dünyada ilk olan İctimai İşlərə Nəzarət Qurğusu istifadəyə verilib. Bununla yanaşı, ölkədə mobil etibarnamə sistemi də fəaliyyətə başlayır.
Hər bir ölkə vətəndaşı bu sistemi telefonuna yükləməklə 24 saat ərzində heç bir notoriat ofisə getmədən, sənəd təqdim etmədən nəqliyyat vasitələrinin idarə edilməsininə dair etibarnaməni rəsmiləşdirə biləcəklər.
aztv.az saytının verdiyi məlumata görə, bunun üçün mobil tətbiqə daxil olaraq nəqliyyat vasitəsini seçmək, etibar olunan şəxs barədə məlumatı qeyd etmək və etibarlıq müddətini seçmək lazımdır. Daha sonra isə ödənişi edərək 5 dəqiqə ərzində istənilən şəxsə etibarnamə vermək mümkündür. Ödəniş edildikdən sonra məlumatlar avtomatik olaraq Baş Dövlət Yol Polisi İdarəsinə göndərilir. Sözügedən sistem noyabrın 22-dən etibarən vətəndaşların istifadəsinə veriləcək. Hazırda bununla bağlı sınaq aparılır.
Bundan başqa, vətəndaşların rahatlığını təmin etmək məqsədilə yaxın günlərdə Heydər Əliyev Beynəlxalq Aeroportunda quraşdırılmış elektron ədliyyə köşkü vasitəsilə icra sənədləri üzrə borcların ödənilməsi və məhdudiyyətlərin avtomatlaşdırılmış qaydada aradan qaldırılması həyata keçiriləcək.