Məlum olduğu kimi, bu gün Belarusiyanın paytaxtı Minsk şəhərində keçirilən “İnformasiyalaşdırmanın və elmi-texniki informasiyanın dövlət sisteminin inkişafı” (RINTI-2019) XVIII Beynəlxalq konfransında AMEA İnformasiya Texnologiyaları İnstitutunu şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru Gülnarə Nəbibəyova və baş mütəxəssis Əfruz Qurbanova təmsil edirlər. İnstitutun əməkdaşları səfər çərçivəsində Belarusiya Milli Elmlər Akademiyasının Birləşmiş İnformatika Problemləri İnstitutunun inkişaf etmiş “BASNET” elmi kompüter şəbəkəsi ilə tanış olublar. “BASNET”in rəhbəri, institutun şöbə müdiri Yuzaf Kostyukeviç qeyd edib ki, institut Belarus Respublikasının elmi informasiya şəbəkəsinin əsas komponenti kimi “BASNET” akademik şəbəkəsinin təminatçısıdır. Onun sözlərinə görə, “BASNET” həm Belarusiya Millli Elmlər Akademiyasının institutlarına, həm də elm, təhsil və büdcə sektorlarına aid digər təşkilatlara şəbəkə xidmətləri göstərir.
Şöbə müdiri bildirib ki, “BASNET” şəbəkəsi Belarus Respublikasında GEANT-ın ümumavropa elmi şəbəkəsi vasitəsi ilə qlobal kompüter şəbəkələrinə avtonom girişi təmin edən yeganə şəbəkədir.
Daha sonra Gülnarə Nəbibəyova AMEA İnformasiya Texnologiyaları İnstitutunun AzScienceNet Elm Kompüter Şəbəkəsinin fəaliyyəti haqqında ətraflı məlumat verib. Qeyd edib ki, AzScienceNet elm kompüter şəbəkəsi 2016-cı ildən Avropa üzrə bütün elm və təhsil qurumlarına xidmət göstərən nəhəng elektron infrastruktur olan GEANT-a qoşularaq Azərbaycanı bu qurumda təmsil edir.
AzScienceNet-in ölkədə elm və təhsil sahələrinin inteqrasiyasında böyük imkanlara malik olduğunu söyləyən G.Nəbibəyova bildirib ki, AMEA-nın elmi tədqiqat müəssisələri ilə yanaşı, artıq ölkənin 18 təhsil müəssisəsi də institutun AzScienceNet şəbəkəsi və Data Mərkəzin xidmətlərindən yararlanmaq imkanı əldə ediblər.
Şöbə müdiri G.Nəbibəyova “BASNET” əməkdaşlarını 2020-ci ildə ölkəmizdə keçiriləcək “5-ci Şərq Tərəfdaşlığı E-infrastrukturu Konfransı”na (5th Eastern Partnership E-infrastructures Conference, EaPEC 2020) dəvət edib.
Sonda Yuzaf Kostyukeviç qonaqlardan AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyevə fəaliyyət göstərdiyi institut və “BASNET” rəhbərliyinin salamlarını çatdırmağı rica edərək, "EaPEC 2020" konfransının Azərbaycanda keçirilməsindən məmnunluğunu bildirib.
Xatırladaq ki, Gülnarə Nəbibəyova və Əfruz Qurbanova “RİNTİ-2019” XVIII beynəlxalq konfransında “Milli terminoloji məlumat mühitində qərar dəstəyi sistemi”, “İnternet sosiologiyasının mövcud vəziyyəti və problemləri”, “Veb saytların qiymətləndirilməsi” mövzusunda məruzələri təqdim edəcəklər.