Əl-ayaqları amputasiya edilmiş və bionik protez əldə etmək istəyən insanlar, adətən, onun hazırlanmasını uzun müddət gözləməli olurlar. Britaniyada sifariş edildikdən iki gün sonra müştəriyə çatdırılacaq protez hazırlanıb.
“Impact Hand” protezi Böyük Britaniyanin Uorvik (Warwick) Universiteti və bir sıra özəl şirkətlərinin mütəxəssisləri tərəfindən hazırlanıb. Onlar “Ambionics” startapının təsisçisi Ben Rayanın ixtirasından ilhamlanıblar. Mühəndislər komandası əzələlərin hərəkət sensorlarını mühərrik və akkumulyatorla əlaqələndirən keçirici gümüş mürəkkəblər əsasında elektrik elementlərini əlavə edərək, Rayanın dizaynını təkmilləşdiriblər və qurğunun zahiri görünüşünü yaxşılaşdırıblar.
Bundan başqa, istehsalçılar sifarişçilərin onlarla əlaqə saxlaya, lazımi ölçüləri, rəng və başqa şəxsi parametrləri seçə bilmələri üçün sayt yaradıblar. Polimer əl protezi hərəkət edən baş barmaqla və sensorlara qoşulmuş, inteqrasiya edilmiş elektronika ilə birlikdə sifarişçinin ölçüləri üzrə 10 saat ərzində 3D-printerdə çap ediləcək.
nanonewsnet.ru saytının məlumatına görə, hazır protez istifadəçinin əl əzələlərinə qoşulmuş sensorlar siqnal verdikdə aktivləşir. Bu zaman baş barmaq predmeti tutaraq və ya onu buraxaraq, ovuca doğru və ya əks istiqamətdə hərəkət edir.
Bionik protezin hazırlanmasına Britaniya hökumət agentliyi “Innovative UK” təxminən 1,2 milyon dollar ayırıb. Hələ ki, protezin qiyməti və satışa çıxarılma tarixi haqda məlumat verilmir.