Barselona Superkompüter Mərkəzində açıq kompüter arxitekturaları laboratoriyası (Laboratory for Open Computer Architecture – LOCA) yaradılıb.
“RISC-V”, “OpenPOWER” və “MIPS” kimi açıq arxitekturalar əsasında Avropada yüksək məhsuldarlıqlı və enerji səmərəliliyinə malik hesablama həllərinin hazırlanması yeni təşkilatın əsas məqsədidir.
servernews.ru saytının məlumatına əsasən, yeni təşkilat İspaniyanın Barselona şəhərində yerləşəcək. Laboratoriyanın ideya və dəyərlərini, açıq arxitekturaların təşviqi və inkişafı, eləcə də onlar əsasında bütöv Avropa HPC infrastrukturunun yaradılması fikrini bölüşən fond, təşkilat və şirkətlər əməkdaşlığa dəvət olunurlar.
“RISC-V” və “OpenPOWER” fondlarının, həmçinin Berkli Universiteti və “IBM” Korporasiyasının “HPC” və koqnitiv sistemlər (HPC and Cognitive Systems) bölməsinin rəhbərləri “LOCA”da iştirak etməyə hazır olduqlarını bildiriblər.
Barselona mərkəzinin rəhbəri professor Mateo Valero laboratoriyanın məqsəd və vəzifələri haqqında daha ətraflı məlumatın noyabrın 20-də “Supercomputing Conference 19” (SC19) konfransında veriləcəyini söyləyib. Qeyd edək ki, yeni laboratoriyaya Stenford Universitetinin doktoru Con D.Devis rəhbərlik edəcək.
Barselona Superkompüter Mərkəzi Avropada ən güclü “MareNostrum” adlı superkompüterə malik olması ilə məşhurdur. Qurğu hazırkı – dördüncü versiyada “OmniPath” arxitekturası ilə birlikdə “Xeon Scalable” prosessorları üzərində qurulub, lakin gələcəkdə sistemə “POWER9” və “ARMv8” arxitekturalı klasterlərin əlavə olunması planlaşdırılır.