“EaPEC 2020” konfransının təşkilat komitəsinin üzvləri İnformasiya Texnologiyaları İnstitutu ilə tanış oldular 2019-11-06 12:41:00 / MÜHÜM HADİSƏLƏR

Bu gün GEANT Assosiasiyası layihələrinin icraçı rəhbəri Leoni Şafer, GEANT-ın Marketinq və Kommunikasiya üzrə Xüsusi Maraq Qrupunun koordinatoru Laura Durnford və “EaPEC 2020” konfransının təşkilat komitəsinin üzvləri, LİTNET-in Marketinq və Kommunikasiya üzrə Koordinatoru Nerinqa Cakvayz və konfransın təşkilatçısı Steffie Bosman AMEA İnformasiya Texnologiyaları İnstitutunda yaradılmış innovativ şəraitlə tanış oldular.

İnstitutun Beynəlxalq Əlaqələr şöbəsinin müdiri, texnika üzrə fəlsəfə doktoru Babək Nəbiyev institut haqqında ətraflı məlumat verdi, qurumun Elmi tədqiqatlar, Tədris-İnnovasiya, E-kitabxana, Multimedia mərkəzlərinin olduğunu vurğuladı. B.Nəbiyev AzScienceNet-in Verilənlərin Emalı Mərkəzində qonaqlara Data Mərkəz, İnternet xidmətləri mərkəzləri, Şəbəkə təhlükəsizliyi və AzScienceCERT kimi şəbəkə əməliyyat mərkəzlərindən ibarət olan AzScienceNet haqqında məlumat verdi.

AzScienceNet şəbəkəsinin ölkədə elm və təhsil sahələrinin inteqrasiyasında böyük imkanlara malik olduğunu söyləyən B.Nəbiyev bildirdi ki, AMEA-nın elmi tədqiqat müəssisələri ilə yanaşı, ölkənin təhsil müəssisələri də institutun AzScienceNet şəbəkəsi və Data Mərkəzinin xidmətlərindən yararlanmaq imkanlarına malikdir. O, Data Mərkəzdə göstərilən xidmətlərdən bəhs etdi, burada hesablama və yaddaş resurslarından istifadə edərək mürəkkəb məsələlərin emalı və yadda saxlanmasına xidmət edən hesablama sistemlərinin mövcud olduğunu vurğuladı.  

Qonaqlar, həmçinin institutun Tədris-İnnovasiya Mərkəzi ilə tanış oldular. B.Nəbiyev AMEA-nın magistrantlarına ümumi fənlərin tədrisi və imtahanların qəbulu, müəssisə və təşkilatların əməkdaşları, eləcə də digər şəxslər üçün informasiya texnologiyalarının müxtəlif istiqamətləri üzrə kursların təşkili, distant kursların, seminar və konfransların təşkilini həyata keçirən mərkəz haqqında ətraflı məlumat verdi.

Sonra şöbə müdiri qonaqlara institutda ən müasir texnologiyalarla təchiz edilmiş Elektron Kitabxana Mərkəzinin, Multimedia Mərkəzinin nəzdində fəaliyyət göstərən İnformasiya Texnologiyaları Nəşriyyatının fəaliyyəti barədə məlumat verdi.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024