Müasir dövrdə tədqiqat və təhsil şəbəkələrinin rolu danılmazdır. Bu şəbəkələr alimlərə fəlakətlərin idarə olunması, kənd təsərrüfatı, səhiyyə, ətraf mühit, iqlimşünaslıq, rəqəmsal fərqin aradan qaldırılması və onlayn təhsil və təlim üçün imkanların açılması və s. sahələrdə cəmiyyətin üzləşdiyi ən böyük problemlərin həll olunmasında yardım edir.
“In the field” bloqunda mütəmadi olaraq milli və regional tədqiqat və təhsil şəbəkələrinin təmin etdiyi xidmətlər nəticəsində müxtəlif elm sahələri üzrə əldə olunan nailiyyətlər haqqında xəbərlər nəşr olunur.
Bu yaxınlarda bloqda AzScienceNet şəbəkəsinin xidmətləri sayəsində Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi (RSXM) tərəfindən seysmologiya sahəsində aparılan tədqiqatlara, görülən işlərə dair xəbər nəşr olunub.
Xəbərdə qeyd olunur ki, Azəbaycan ərazisində qədim zamanlardan güclü zəlzələlər böyük dağıntılara səbəb olub. Əksəriyyəti hiss olunmasa da, hər il ölkədə çox sayda zəlzələ baş verir. Azərbaycana bir neçə seysmik aktiv bölgə daxildir – Xəzər dənizi, Cənubi Talış dağları, Gəncə-Daşkəsən, Şamaxı-İsmayıllı və Şəki-Zaqatala bölgələri. Lakin ölkəni zəlzələyə həssas edən təkcə onun geologiyası deyil, sıx əhali məskunlaşması və neft yataqlarıdır.
“Azərbaycanda və qonşu ölkələrdə baş verən zəlzələlər barədə məlumatların hazırlanması üçün yüksək sürətli İnternet vacibdir”, – RSXM-in sistem administratoru Ruqiyyə Kərimova qeyd edib. Onun rəhbərlik etdiyi komanda zəlzələ üzrə tədqiqatlarda fəal iştirak edir. O, vurğulayıb ki, AzScienceNet-in EapConnect layihəsi çərçivəsində GEANT ilə əməkdaşlığı onların fəaliyyətini əhəmiyyətli dərəcədə inkişaf etdirib.
R.Kərimova bildirib ki, seysmoloji cəhətdən aktiv zonada yerləşən Azərbaycan seysmik təcrübənin inkişafına və seysmik stansiyaların quraşdırılmasına xüsusi diqqət yetirir. Azərbaycanda paytaxt Bakıda yerləşən aparıcı stansiya ilə birlikdə 35 seysmik stansiya quraşdırılmışdır. Bu stansiyalar bizə Azərbaycanda seysmik aktiv yerlərdə quraşdırılmış vibrasiya sensorlarından mütəmadi məlumat almağa imkan verir. Məlumatların emalından sonra bu stansiyalar hər zəlzələnin vaxtını, yerini və gücünü aşkar etməyə imkan verir.
Azərbaycanda və dünyanın müxtəlif yerlərində baş verən zəlzələlər barədə məlumatlar Zəlzələ Araşdırma Bürosunda daim emal olunur. Bütün məlumatlar Mərkəzdə müxtəlif ölçülərdən keçir, daha sonra yüksək seysmik fəaliyyət sahələrini proqnozlaşdırmaq üçün istifadə olunur. Bu səbəbdən AzScienceNet şəbəkəsi büronu mütəmadi olaraq yüksək sürətli İnternet və hesablama resursları ilə təmin edir. Mərkəz bütün məlumatları və qeydləri arxivləşdirmək üçün 13 terabayt həcmində yaddaş resurslarından istifadə edir.
Büronun məlumatlar toplusu AzScienceNet-in Data Mərkəzində yerləşir. Arxiv 2003-2018-ci illərdə Azərbaycanda baş verən bütün tektonik hərəkətlər haqqında məlumatlardan ibarətdir. Bura zəlzələnin maqnitudu, dalğa forması, intensivlik, məkan və zaman daxildir.
R.Kərimova qeyd edib ki, büronun arxivinin şəbəkənin Data Mərkəzində yerləşdirilməsi, yaddaş, məlumatların itirilməsi və s. kimi mənfi halların qarşısını almaqda mühüm rol oynayır: “AzScienceNet tərəfindən təqdim olunan yüksək sürətli İnternet və yaddaş resursları mərkəz üçün böyük əhəmiyyət kəsb edir və növbəti illərdə də əməkdaşlığın davam etdiriləcəyinə ümid edirik”.
Məqalənin tam mətni ilə www.inthefieldstories.net saytında tanış olmaq olar.