AMEA İnformasiya Texnologiyaları İnstitutunun Tədris-İnnovasiya Mərkəzinin növbəti elmi seminarı keçirildi. İnstitutun dissertantı Bahar İsmayılova “Informatika fənninin tədrisi keyfiyyətinin qiymətləndirilməsi kriteriyaları” adlı məruzəni təqdim etdi. Bildirdi ki, təhsil praktik fəaliyyət üçün gərəkli olan biliklərin, müvafiq bacarıq və səriştələrin məcmusudur. Təhsil şəxsiyyətin bacarıq və davranışlarının təkmilləşdirilməsinin elə bir prosesi və nəticəsidir ki, bu zaman o, əqli yetkinlik və fərdi inkişafa nail olur.
Təhsilin keyfiyyətindən danışan məruzəçi qeyd etdi ki, keyfiyyətli təhsil sağlam, iştiraka və öyrənməyə hazır insanlar, təhlükəsiz və gender məsələlərinə həssas olan mühit, ilkin savad bacarıqlarından başlayaraq hərtərəfli biliklərin əxz olunmasına yönəlmiş tədris materialları, öyrənənlərə yönəlmiş tədris prosesi, eləcə də qabaqcıl bilik, qabiliyyət və dünyagörüşlərini əhatə edən və cəmiyyətdə fəal iştiraka şərait yaradan nəticələr deməkdir.
Onun sözlərinə görə, təhsildə keyfiyyətin faktiki vəziyyəti əldə olunan nəticələrin əvvəlcədən müəyyən olunmuş meyarlara uyğun olaraq qiymətləndirilir. Təhsildə keyfiyyəti yüksəltmək məqsədilə hər bir dərsdə, hər bir şagirdin dərsi mənimsəmə dərəcəsi qiymətləndirilməli, qiymətlərin aşağı olma səbəbləri aydınlaşdırılmalı və aradan qaldırılmalıdır.
Məruzəçi informatika fənninin tədrisinin xüsusiyyətlərindən söz açaraq bildirdi ki, təhsilin keyfiyyətinə təsir edən ən mühüm amillərdən biri də müəllim tərəfindən təlim metodunun düzgün seçilməsidir. O, oyun xarakterli dərslər (viktorina, krosvord həlli və s.) zamanı biliklərin şagirdlər tərəfindən mənimsənilməsi, onların bilik və bacarıqlarının qiymətləndirilməsi məsələləri ilə bağlı araşdırmanın nəticələri haqqında məlumat verdi.
Sonda B.İsmayılova oyun xarakterli fəaliyyətin qiymətləndirilməsi meyarlarından, səviyyə üzrə qiymətləndirmə standartlarından danışdı, təklif və tövsiyələrini səsləndirdi.
Məruzə ətrafında fikir mübadiləsi aparıldı, suallar cavablandırıldı.