AMEA İnformasiya Texnologiyaları İnstitutunda 8 saylı şöbənin növbəti elmi seminarı keçirildi. Seminarı giriş sözü ilə açan şöbə müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyev tədbirin cəmiyyətin və iqtisadiyyatın yaşıl və inklüziv inkişafında İKT-nin tətbiqi istiqamətlərinə həsr olunduğunu bildirdi. Şöbə müdiri qeyd etdi ki, cəmiyyətdə inkişafın həm ekoloji, həm də inklüzivlik səviyyəsinin qiymətləndirilməsində və artırılmasında bütün vasitələrdən, o cümlədən ən müasir innovativ texnologiya olan İKT-dən maksimum yararlanmaq çox aktual və əhəmiyyətli bir məsələdir. Bu məqsədlə, hazırkı dövrdə regionda iqtisadi inkişafın inklüzivlik və ekoloji səviyyəsinin təhlili, qiymətləndirilməsi və onun yüksəldilməsində İKT vasitələrinin tətbiqi problemlərinin həlli bir neçə mərhələdə həyata keçirilməsi zəruridir. Onun sözlərinə görə, Ümümdünya İqtisadi Forumunun (ÜDİF) 2018-ci ildəki hesabatında nüfuzlu indeks sayılan “İnklüziv İnkişaf İndeksi”nə görə Azərbaycan inkişaf etməkdə olan ölkələr arasında üçüncü yerdə qərarlaşıb.
Ə.Əliyev qabaqcıl ölkələrin İnklüziv İqtisadi İnkişaf (İİİ) indekslərini təqdim edərək inklüzivliyin 3 blokda qruplaşdırılan iqtisadi, ekoloji və sosial komponentləri üzrə göstəricilər sistemini formalaşdırdığını diqqətə çatdırdı.
“Əhalinin neçə faizinin işlək olduğu və gəlir götürmək qabiliyyətinə malik olduğunu bildirən asılılıq subindikatoruna görə Azərbaycan 40.9% səviyyəsindədir. Reytinqdə Azərbaycan Latviya, Polşa, Xorvatiya, Ruminiya, Bolqarıstan, Makedoniya kimi ölkələri 0.2 – 0.5% dərəcələri ilə, qonşu Rusiyanı 0.49%, Türkiyəni 0.43%, Gürcüstanı 0.7%, İranı 0.61%, Ermənistanı 1.03% qabaqlamışdır”, - deyə bildirən şöbə müdiri qeyd etdi ki, inklüziv indekslər üzrə aparılan təhlillər həm beynəlxalq, həm də ölkə səviyyəsində cəmiyyətin və iqtisadiyyatın inklüzivliyini bir daha təsdiqləyir.
Daha sonra mövzu üzrə məruzəni təqdim edən institutun əməkdaşı Leyla Əkbərova yaşıl və inklüziv inkişafın mahiyyəti və xüsusiyyətləri haqqında məlumat verdi. Bildirdi ki, inklüziv inkişafın yüksək səviyyəsinin davamlı xarakter daşıması və tendensiyaların gələcəkdə də qorunub saxlanması üçün bu yeni sahədə biliklərin və əməli fəaliyyət təcrübəsinin formalaşması ən vacib şərtdir.
Yaşıl və inklüziv inkişaf səviyyəsinin yüksəlməsinə təsir edən amillər barədə danışan məruzəçi 2019-cu ildən başlayaraq Azərbaycanda cəmiyyətin inklüzivliyinin artırılması üçün əhalinin sosial müdafiəsi tədbirlərini genişləndirmək məqsədilə hökumət səviyyəsində müxtəlif tədbirlərin yerinə yetirilməsinin nəzərdə tutulduğunu vurğuladı.
L.Əkbərova yaşıl və inklüzivlik səviyyəsinin yüksəldilməsində İKT-nin rolu, problem və pespektivlərdən söz açaraq beynəlxalq təşkilatların cəmiyyətin inklüzivlik səviyyəsinin azaldılmasında ən önəmli vasitələrdən biri kimi İKT-ni qeyd etdiklərini dedi. Şöbə əməkdaşı, həmçinin yaşıl və inklüziv inkişafında rəqəmsal innovasiya mühitinin formalaşması, yaşıl və inklüziv inkişafın yüksəldilməsi texnologiyaları və tədbirləri, eləcə də yaşıl və inklüzivlik səviyyəsinin yüksəldilməsində İKT-nin rolu haqqında məlumat verdi.
L.Ələkbərovanın sözlərinə görə, inklüzivlik səviyyəsinin tənzimlənməsi üçün qiymətləndirmələr aparılmalı və təhlillər edilməli, müvafiq analiz indikatorları və metodikaları işlənilməlidir. Bununla yanaşı, yaşıl və inklüzivlik səviyyəsinə təsir edən amillər kompleks şəkildə araşdırılmalı, inklüzivlik səviyyəsinə təsir edən İKT daha geniş tətbiq olunmalıdır.
Məruzə ətrafında geniş fikir mübadiləsi aparıldı, suallar cavablandırıldı, tədqiqatın perspektiv istiqamətləri qeyd olundu.