AMEA İnformasiya Texnologiyaları İnstitutunun 10 saylı şöbəsinin növbəti elmi seminarı keçirildi. “Sosial şəbəkələrin köməyi ilə təhsilin fərdiləşdirilməsi” mövzusunda məruzəni təqdim edən şöbənin əməkdaşı Lalə Zeynalova bildirdi ki, sosial şəbəkələrin köməyi ilə fiziki qüsurlu insanlar həmyaşıdları ilə qarşılıqlı əlaqə qura bilmək, təhsil üçün lazım olan informasiyanı almaq, həmçinin asudə vaxt keçirmək imkanı əldə edirlər.
Məruzəçinin sözlərinə görə, sosial texnologiyalardan istifadə tələbələrin motivasiyasını yüksəldir və işin ümumi keyfiyyətinin yaxşılaşmasına gətirib çıxarır: “Bloqlar tələbələrin ideyalarının yayılması və elmi işlərinin nəşri üçün istifadə oluna bilər. Bununla yanaşı, bloqlar tələbələrə müəyyən saytlara baxış üçün hiperlinklər əlavə etməyə imkan verir”.
L.Zeynalova qeyd etdi ki, tələbələr tərəfindən sosial texnologiyalar onların problemlərinin həlli üsullarının müəyyən qrup üzvləri ilə birgə tədqiqi və ya birgə öyrədici qrupların təşkili üçün istifadə oluna bilər. Onlar öz yaşıdları ilə əməkdaşlıq edərək rəsmi və qeyri-rəsmi olaraq qarşılıqlı əlaqələrini genişləndirir, onlarla fəal əlaqə qurur, konkret nəticələr üzərində işləməyə və onlayn və ya avtonom rejimlərdə nəticələr çıxarmağa çalışırlar.
“İnklüziv təhsil ümumi təhsilin hamı üçün əlçatan olmasını nəzərdə tutan və bütün uşaqların müxtəlif ehtiyaclarına uyğunlaşdırılmasına əsaslanan inkişaf prosesidir”, - deyə bildirən məruzəçi bu təhsilin sağlamlıq imkanları məhdud olan uşaqların təhsilə cəlb olunmasını təmin etdiyini vurğuladı. L.Zeynalaova inklüziv təhsilin uşaqların müstəqil bir fərd olduğunu və təhsil zamanı onların hər birinin öz ehtiyaclarının olduğunu qəbul edən metodologiyaları inkişaf etdirməyə yönəldiyini diqqətə çatdırdı.
L.Zeynalova inklüziv təhsilin 8 prinsipi barədə ətraflı məlumat verdi. Qeyd etdi ki, fərdiləşdirilmiş təhsil pedaqogika, tədris proqramı və tədris mühitlərinin uyğunlaşdırılması üçün təhsil ehtiyaclarının təmin olunmasıdır. Fərdiləşdirilmiş elektron təhsildə əsas elementlər təhsilin tempi, tədris yanaşması və hərəkət, maarifləndirici kontentdir.
Məruzəçi elektron təhsilin fərdiləşdirilmiş mühitini anlamaq üçün tələbələrə seçim imkanı, eləcə də dünyanın bir sıra ali məktəblərində maarifləndirici mühitləri fərdiləşdirməyə imkan verən təhsilin idarə olunması sistemlərinin yaradılmasına üstünlük verildiyini bildirdi.
Onun sözlərinə görə, sosial şəbəkələrdə məlumatların təhlili məlumatın yığılması, təmizlənməsi, ilkin məlumatların işlənməsi, istifadəçi məlumatlarının dəyişikliklərinin izlənilməsi, eləcə də məlumatların vizuallaşdırması kimi mərhələlərdən ibarətdir.
Sonda L.Zeynalova qeyd etdi ki, sosial şəbəkələrin təhsilə təsirini müəyyənləşdirmək üçün təhsil alanların qarşılıqlı əlaqəsinin modelləşdirilməsi, onların davranışının proqnozlaşdırılması, onlarda mövcud olan informasiyanın təhlil edilməsi barədə müəyyən nəticələr əldə etmək zəruridir.
Məruzə ətrafında müzakirələr aparıldı, suallar cavablandırıldı.