10 fevral Beynəlxalq Təhlükəsiz İnternet Günüdür 2015-02-09 17:11:14 / KONFRANSLAR

Hər il fevral ayının ikinci çərşənbə axşamı dünyanın 110-dan çox ölkəsində Beynəlxalq Təhlükəsiz İnternet Günü (İnternational Safer Internet Day) qeyd olunur. “İnsafe” (Təhlükəsiz İnternet Avropa Şəbəkəsi) təşkilatının təşəbbüsü ilə 2004-cü ildən etibarən hər il qeyd edilən bu əlamətdar günün əsas məqsədi təhlükəsiz İnterneti təbliğ etmək, xüsusən də gələcək nəsilləri qlobal şəbəkədəki mövcud təhdidlərlə bağlı məlumatlandırmaq, maarifləndirmə işləri aparmaq, uşaqlar və yeniyetmələr arasında onlayn texnologiyalardan daha təhlükəsiz və məsuliyyətli istifadəni təbliğ etməkdir.

 

Bu il “Birlikdə daha mükəmməl İnternet yaradaq” şüarı altında qeyd olunan Beynəlxalq Təhlükəsiz İnternet Günü 10 fevral tarixinə təsadüf edir. 

 

Qeyd edək ki, 2013-cü ildə yaradılan Avropa Kibercinayətkarlıqla Mübarizə Mərkəzi tərəfindən İnternetdə fırıldaqçılığa, maliyə saytlarına müdaxiləyə və uşaq pornoqrafiyasının yayılması əleyhinə genişmiqyaslı əməliyyatlar həyata keçirilir. Mərkəzin vəzifəsi mütəşəkkil cinayətkar şəbəkələrin fəaliyyətinin qarşısını almaqdan ibarətdir. Hazırda təşkilatın fəaliyyəti İnternetdə üç cinayət növünün qarşısının alınması ilə məhdudlaşdırılıb. Bunlar əsas infrastruktur və informasiya sistemlərinə kiberhücumlar, onlayn mütəşəkkil fırıldaqçılıq və uşaq pornoqrafiyasının yayılması  ilə mübarizədir.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024