AMEA İnformasiya Texnologiyaları İnstitutunun 10 saylı şöbəsinin 2019-cu il üzrə 6 aylıq hesabatı müzakirə olunub. Hesabatı təqdim edən şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Firudin Ağayev “Elektron təhsil mühitinin intelektuallaşdırılması üzrə metodların işlənməsi” mövzusu üzrə elektron təhsilin idarə edilməsi üçün Data Mining texnologiyasının imkanlarının araşdırıldığını, elektron təhsilin fərdiləşməsi üzrə metod və alqoritmlərin tədqiq olunduğunu bildirdi. Elektron inklüziv təhsildə sosial şəbəkələrin tətbiqi məsələlərinə dair aparılan tədqiqatlardan danışan şöbə müdiri qeyd edib ki, bu istiqamətdə elektron təhsilin optimallaşdırılması məqsədilə sosial şəbəkələrdən lazım olan informasiyanın əldə edilməsi metod və alqoritmləri araşdırılıb. Şöbə müdiri universitetlərdə elektron təhsilin keyfiyyətinin idarə edilməsi ilə bağlı aparılan tədqiqatları da diqqətə çatdırıb. Bu məqsədlə elektron təhsildə biliklərin mənimsənilməsi üzrə mövcud metod və alqoritmlərin tədqiq olunduğunu söyləyib.
F.Ağayev, həmçinin, cari ildə bulud texnologiyası əsasında inklüziv təhsil kontentlərinin formalaşması, elektron inklüziv tədris mühitində adaptiv texnologiyaların tətbiqi məsələlərinin araşdırıldığını, adaptiv texnologiyaların istifadəsi ilə tədris materialların mənimsənilməsinə nəzarət üzrə metod və alqoritmlərin tədqiq olunduğunu deyib.
Elmi-innovasiya fəaliyyəti çərçivəsində görülmüş işlərdən danışan məruzəçi bu istiqamətdə yeni qrant layihələrində iştirak edildiyini diqqətə çatdırıb.
F.Ağayev, həmçinin şöbənin elmi-pedaqoji və elmi-təşkilati fəaliyyəti, elmi-texniki konfranslarda iştirak, tanınmış elmi jurnallarda məqalələrin nəşri, müxtəlif təyinatlı kitab və kitabçaların hazırlanması, elmi-praktiki nəticələrin KİV-də təbliği ilə bağlı görülən tədbirlər haqqında məlumat verib.
AMEA-nın vitse-prezidenti, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev çıxış edərək şöbənin hesabatı ilə bağlı təklif və tövsiyələrini səsləndirib. Akademik şöbənin elmi-nəzəri fəaliyyətinin gücləndirilməsinin zəruriliyini qeyd edib, aparılan tədqiqatların daha da dərinləşdirilməsini tövsiyə edib.
Sonda hesabatla bağlı fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.