AMEA İnformasiya Texnologiyaları İnstitutunda 8 saylı şöbənin “Texnoparkların fəaliyyətinin idarə edilməsində 4-cü sənaye inqilabının tətbiqi xüsusiyyətləri və inkişaf perspektivləri” mövzusuna həsr olunmuş növbəti elmi seminarı keçirildi. Seminarı giriş sözü ilə açan şöbə müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyev innovasiyayönümlü, informasiyaya və biliyə əsaslanan iqtisadiyyatın qurulmasında texnoparkların böyük rola malik olduğunu bildirdi. Qeyd etdi ki, texnoparkların fəaliyyətinin effektiv idarə edilməsi prosesi IV sənaye inqilabının elementləri və müasir İKT-nin nailiyyətləri əsasında həyata keçirilməli, onların idarə edilməsi prosesinin modelləşdirilməsi üzrə təklif və tövsiyələr işlənilməlidir.
Sonra məruzəni təqdim edən institutun böyük elmi işçisi Roza Şahverdiyeva əvvəlcə texnoparkların fəaliyyətinin idarə olunması üzrə mövcud elmi ədəbiyyatların bibliometrik təhlili, texnoparkların fəaliyyət istiqamətləri, xüsusiyyətləri və idarə edilməsi problemləri, beynəlxalq iqtisadi strukturların innovasiya fəaliyyətinin təşkili üzrə tövsiyələri, yeni sənaye texnologiyalarının iqtisadiyyata və ətraf mühitə təsiri məsələləri, dördüncü sənaye inqilabı platformasının məqsədi, strukturu və tərkib elementləri və s. haqqında ətraflı məlumat verdi.
O, mövzunun aktuallığını şərtləndirən milli və beynəlxalq sənədləri diqqətə çatdırdı, “VOSviewer” tətbiqi proqram paketi vasitəsi ilə əldə olunan bibliometrik informasiyanın vizuallaşdırılması üzrə bəzi fraqmentləri təqdim etdi.
Texnoparkların innovativ sahibkarlığın və innovativ mühitin yaradılması vasitəsi olduğunu söyləyən məruzəçi texnoparkların ölkədə innovasiya sistemini formalaşdırdığını, beynəlxalq elm məkanına inteqrasiyanı gücləndirdiyini və qabaqcıl texnologiyaların transferini həyata keçirdiyini bildirdi.
R.Şahverdiyeva texnoparkların iqtisadiyyatın davamlı inkişafı, rəqabət qabiliyyətinin artırılması və elmin kommersiyalaşdırılmasına imkan verdiyini qeyd edərək Beynəlxalq Elmi Parklar Assosiasiyasının rəsmi portalından əldə edilmiş məlumatlar əsasında texnoparkların fəaliyyət sahələri üzrə ixtisaslaşması reytinqini təqdim etdi. O, həmçinin texnoparkın idarə edilməsinin konseptual modelini diqqətə çatdırdı, innovasiya-layihələrinin seçimi, qiymətləndirilməsi və reallaşdırılması, innovasiya potensialının artırılması, dövlət və maliyyə strukturları ilə əlaqələndirmə, istehsal-elm-təhsil-biznes əlaqələrinin inteqrasiyası, sosial-iqtisadi məqsədlərin, vəzifələrin təşkili və s. haqqında məlumat verdi.
Texnoparkların fəaliyyətinin idarə olunması problemlərindən danışan məruzəçi inkişaf strategiyasının işlənilməsi və müvafiq strukturlarla effektiv əlaqələrin qurulması, elm-təhsil-biznes əlaqələrinin inteqrasiyası üzrə fəaliyyətin təşkili, əlverişli innovasiya mühitinin formalaşdırılması, elmi-tədqiqat işlərinin nəticələrinin kommersiyalaşdırılmasının vacib olduğunu qeyd etdi.
R.Şahverdiyeva innovativ strukturların problemləri ilə məşğul olan iqtisadi yönümlü bir çox beynəlxalq qurumlar haqqında məlumat verdi, innovativ istehsal strukturları üçün Avropa Birliyi Komissiyasının tövsiyələrini nəzərə çatdırdı. Qeyd etdi ki, dünyada texnoparkların vəziyyətinin təhlili və statistik uçotu Ümumdünya Elmi və Texnoloji Parklar Assosiasiyası Alyansı kimi beynəlxalq təşkilatlar tərəfindən aparılır.
Məruzəçi dördüncü sənaye inqilabı ilə əlaqədar beynəlxalq təcrübədən də bəhs edərək “Gələcəyin fabrikləri” adlanan futuroloji proqrama müvafiq olaraq hazırlanan “Zavod 4.0 və sonrakı dövr” adlı proqram, iqtisadiyyatın daha çox rəqəmsallaşdırılması üçün müxtəlif ölkələr tərəfindən qəbul olunan xüsusi strategiyalar barədə danışdı, dördüncü sənaye inqilabı çərçivəsində texnoloji innovasiyaların tətbiqi xüsusiyyətləri haqqında məlumat verdi.
Sonda R.Şahverdiyeva dördüncü sənaye inqilabının innovativ strukturların gələcək inkişafına təsiri məsələlərindən söz açaraq onun qarşılıqlı əlaqə, virtuallaşdırma, avtonom idarəetmə, real vaxt, xidmətyönümlülük, modulluluq kimi xüsusiyyətlərə malik olduğunu vurğuladı.
Məruzə ətrafında müzakirələr aparıldı, suallar cavablandırıldı və bir sıra təkliflər səsləndirildi. Elmi rəhbər, dosent Əlövsət Əliyev əldə olunan nəticələri yüksək qiymətləndirdi, bu istiqamətdə araşdırmaların daha da dərinləşdirilməsini tövsiyə etdi.