AMEA İnformasiya Texnologiyaları İnstitutunun 17 saylı şöbəsinin 2019-cu ilin birinci yarısı üzrə hesabatı dinlənildi. Hesabatı təqdim edən şöbənin baş mütəxəssisi Rasim Mahmudov cari ildə yerinə yetirilmiş elmi-tədqiqat işləri haqqında məlumat verdi. Bildirdi ki, bu il elektron dövlətin formalaşması problemləri, informasiya cəmiyyətinin, İnternetşünaslığın elmi-nəzəri problemləri, informasiya müharibəsi texnologiyaları, eləcə də sosial medianın formalaşmasının multidistiplinar problemləri istiqamətində araşdırmalar aparılmışdır.
R.Mahmudov “E-dövlətin formalaşdırılması və effektiv idarə olunması üçün mexanizmlərin işlənilməsi” mövzusu üzrə görülmüş işlərdən danışdı. Qeyd etdi ki, bu mövzu üzrə e-dövlət platformasında e-demoqrafiya sisteminin konseptual modelinin işlənməsi, qeyri-səlis çoxmeyarlı qiymətləndirmə modeli əsasında namizədlərin qiymətləndirilməsi, seçkilərdə namizədlərin seçilməsinin Fuzzy TOPSIS + Ranking of triangular fuzzy numbers metodu, eləcə də effektiv e-idarəetmə üçün Big data analizi platformalarının tədqiqi istiqamətində tədqiqatlar aparılmışdır.
Məruzəçi fərdi məlumatlar və onların milli mentalitetdə rolunun, həmçinin informasiya təhlükəsizliyinin milli təhlükəsizliyin digər komponentləri ilə qarşılıqlı əlaqələrinin araşdırıldığını və təkliflərin işlənildiyini, Big data ekosisteminin formalaşdırılması məsələlərinin tədqiq olunduğunu söylədi.
O, həmçinin “E-dövlət platformasında vətəndaşların sosial kredit sisteminin mexanizmləri, metodları və alqoritmlərinin işlənməsi” mövzusunda aparılan tədqiqatları diqqətə çatdıraraq elektron dövlətin idarə olunmasında sosial kredit mexanizmlərinin imkanları və perspektivlərinin araşdırıldığını, elektron dövlət mühitində vətəndaşların sosial kreditinin qiymətləndirilməsi metodunun işlənildiyini, e-dövlət mühitində toplanmış fərdi məlumatlar əsasında cəmiyyətdə sosial münasibətlərin analiz olunduğunu qeyd etdi.
R.Mahmudov şöbədə elektron xidmətlərin intellektual analizi, korporativ təhsil mühitində sosial şəbəkələrin analizi üçün metod və alqoritmlərin işlənilməsi, İnternet-media resurslarının monitorinqi və qiymətləndirilməsi mexanizmlərinin işlənilməsi, etnobotanika informasiya sisteminin işlənməsi və elektron dövlət platformasında intellektual demoqrafiya sisteminin yaradılması üçün metod və alqoritmlərin işlənməsimövzuları üzrə görülən işləri təqdim etdi, nəşr olunmuş məqalələr barədə məlumat verdi.
O, həmçinin şöbənin gənc tədqiqatçıları tərəfindən korporativ informasiya sistemlərində informasiya təhlükəsizliyinə dair proqram təminatlarının icmalı, süni intellektə əsaslanan jurnalistikanın formalaşdırılması, biliklər iqtisadiyyatının formalaşmasının elmi-nəzəri əsasları, vətəndaş məmnunluğu əsasında e-xidmətlərin qiymətləndirilməsinə dair araşdırmaların aparıldığını da diqqətə çatdırdı.
Daha sonra məruzəçi cari il üzrə şöbə əməkdaşlarının elmi-innovasiya və praktiki fəaliyyəti haqqında ətraflı məlumat verdi. O, “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2030-ci illər üçün Milli Strategiya”nın və “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi” Strategiyasının həyata keçirilməsinə elmi dəstəyin verilməsi, Viki-Mərkəzin fəaliyyəti və s. ilə əlaqədar bir sıra işlərin həyata keçirildiyini dedi, “İnformasiya Texnologiyaları Problemləri” və “İnformasiya Cəmiyyəti Problemləri” jurnallarının redaksiyasından daxil olan məqalələrə rəy verildiyini vurğuladı.
R.Mahmudov cari ildə şöbə əməkdaşları tərəfindən nüfuzlu beynəlxalq jurnallarda və AR Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən tövsiyə olunan jurnallarda nəşr olunan məqalələr, nüfuzlu konfrans, seminar və simpoziumlarda çıxışlar barədə məlumat verdi. O, həmçinin, şöbənin elmi-təşkilati və elmi-pedaqoji fəaliyyəti, beynəlxalq elmi əməkdaşlığı, əldə edilən nəticələrin KİV-də təbliği çərçivəsində görülmüş işləri təqdim etdi.
Sonra çıxış edən AMEA-nın vitse-prezidenti, institutun direktoru, şöbənin rəhbəri, akademik Rasim Əliquliyev hesabatla bağlı təklif və tövsiyələrini səsləndirdi. Alim şöbədə aparılan elmi tədqiqat işləri üzrə araşdırmaların daha da intensivləşdirilməsini və dərinləşdirilməsini, bir sıra mövzular üzrə seminarların keçirilməsini tövsiyə etdi.
Sonda hesabatla bağlı fikir mübadiləsi aparıldı, suallar cavablandırıldı.