Veb-texnologiyaların elmi-nəzəri problemləri araşdırılıb 2019-07-05 12:46:00 / KONFRANSLAR

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 16 saylı şöbəsinin 2019-cu il üzrə fəaliyyət planı müzakirə olundu. Hesabatı təqdim edən şöbə müdiri Gülnarə Nəbibəyova yarım il ərzində görülən elmi-tədqiqat işləri barədə məlumat verdi. O, veb-texnologiyaların elmi-nəzəri problemlərinin araşdırıldığını, e-demoqrafiyanın formalaşdırılması və intellektual analiz texnologiyalarının, eləcə də e-dövlət mühitində Azərbaycan dilinin tətbiqi və inkişafına dair bəzi xidmətlərin yaradılması konsepsiyasının işlənildiyini söylədi.

Terminoloji informatikanın formalaşması üzrə aparılan tədqiqatlardan danışan G.Nəbibəyova bu məqsədlə Milli Terminoloji İnformasiya mühitinin OLAP əsasında qurulması, analizi, qərarların qəbulunu dəstəkləyən sistemin işlənildiyini vurğuladı. Şöbə müdiri veb-texnologiyaları problemləri üzrə elektron dövlət mühitində veb-resursların göstəricilərinin qiymətləndirilərək intellektual analizinin aparıldığını, veb-spamlarla mübarizə texnologiyalarının və Azərbaycan dilinin qrafikasının ingilis dilinin qrafikası ilə transliterasiyası problemlərinin araşdırıldığını qeyd etdi. 

G.Nəbibəyova şöbənin elmi-innovasiya fəaliyyəti çərçivəsində AMEA Botanika İnstitutunun “Plant & Fungal Research”, eləcə də AMEA Qafqazşünaslıq İnstitutunun “Qafqazşünaslıq” jurnalının veb-saytının hazırlandığını, www.transliterasiya.az saytının dizaynının və proqram təminatının işlənildiyini nəzərə çatdırdı. AMEA-nın rəsmi www.science.gov.az portalının, institutun www.ikt.az saytının, AzScienceNet EKŞ Data Mərkəzində yerləşdirilən veb-saytların texnoloji baxımdan mütəmadi olaraq dəstəkləndiyini qeyd etdi. Həmçinin, AMEA institut və təşkilatlarının veb-saytlarının mütəmadi monitorinqinin aparıldığını vurğuladı.

G.Nəbibəyova şöbə əməkdaşlarının elmi-pedaqoji və elmi-təşkilati fəaliyyəti, beynəlxalq və respublika səviyyəli elmi-texniki konfranslarda iştirakı, AR Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən tövsiyə olunan jurnallarda məqalələrin nəşri, müxtəlif təyinatlı nəşrlərin hazırlanması, beynəlxalq elmi əməkdaşlıq əlaqələrinin qurulması və inkişafı, elmi-praktiki nəticələrin КİV-də təbliği ilə bağlı görülən işlər haqqında məlumat verdi.

Hesabata dair müzakirələr aparıldı, çoxsaylı suallar cavablandırıldı.

AMEA-nın vitse-prezidenti, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev şöbənin hesabatı ilə bağlı təklif və tövsiyələrini səsləndirdi, şöbə əməkdaşlarının elmi-nəzəri fəaliyyətinin daha da gücləndirilməsinin vacibliyini qeyd etdi.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024