AMEA İnformasiya Texnologiyaları İnstitutunun 13 saylı şöbəsinin 2019-cu il üçün 6 aylıq hesabatı dinlənildi. Hesabatı təqdim edən şöbə müdiri, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Ramiz Alıquliyev yarım il ərzində yerinə yetirilən elmi-tədqiqat işləri haqqında məlumat verdi. Alim “Böyük həcmli məlumatlar toplusundan biliklərin aşkarlanması problemləri”, “Sosial şəbəkə və mətnlərin intellektual analizi texnologiyalarının köməyilə elektron dövlətin tədqiqi”, “Elmi jurnalların və tədqiqatçıların fəaliyyətinin qiymətləndirilməsi üçün indekslərin işlənilməsi”, eləcə də “Elektron dövlətin formalaşdırılması və idarə edilməsi mexanizmlərinin işlənilməsi”, “Veb spamlarla mübarizə metodlarının işlənilməsi” mövzuları üzrə araşdırmaların aparıldığını, məqalələrin nəşr olunduğunu qeyd etdi.
Şöbə müdiri, həmçinin informasiya cəmiyyətində fərdlərin sosial kapitalının qiymətləndirilməsi, virtual mühitdə biliklərin qiymətləndirilməsinin intellektual metod və alqoritmlərinin yaradılması, böyük həcmli məlumatların analizi üçün iterativ klasterləşdirmə metodları, tədris prosesində plagiatlıq hallarının aşkarlanması üçün metod və alqoritmlərin işlənməsi və digər istiqamətlərdə tədqiqatların aparıldığını diqqətə çatdırdı.
Ramiz Alıquliyev bildirdi ki, cari ilin 6 ayı ərzində şöbə əməkdaşları tərəfindən “Web of Science” (Clarivate Analytics), “Scopus” (Elsevier) və digər (“ACM”, “DBLP” və s.) bazalarda indeksləşən jurnallara 18 məqalə təqdim olunub. Bu məqalələrdən 7-si “Web of Science” və “Scopus” bazalarında, 2-si digər beynəlxalq bazalarda ideksləşən jurnallarda çap olunub, digər 9-u isə göstərilən bazalarda indeksləşən jurnallarda rəydədir. O həmçinin qeyd etdi ki, şöbə əməkdaşları tərəfindən hazırlanan 3 tezis isə materialları “Web of Science” və “Scopus” bazalarında indeksləşən beynəlxalq konfransa təqdim olunub və ilkin ekspertizadan keçib.
Beynəlxalq elmi əməkdaşlıqla əlaqədar həyata keçirilən tədbirlər barədə məlumat verən Ramiz Alıquliyev Avstraliya Federasiya Universiteti, Malayziya Texnologiya Universiteti ilə əməkdaşlıq əlaqələrinin qurulduğunu qeyd etdi. Bildirdi ki, bu elmi qurumların alimləri ilə birgə elmi araşdırmalar aparılıb, əməkdaşlığın nəticəsi olaraq 2 məqalə hazırlanıb.
Alim rəhbərlik etdiyi şöbənin elmmetrik göstəriciləri haqqında da məlumat verdi. Onun sözlərinə görə, şöbə əməkdaşlarının əsərlərinə cari ildə 226, son 5 ildə 2115, ümumilikdə isə 3364 istinad olunub.
Hesabata dair müzakirələr aparıldı, çoxsaylı suallar cavablandırıldı.
AMEA-nın vitse-prezidenti, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev şöbənin elmi fəaliyyətini yüksək qiymətləndirdi. Aparılan elmi araşdırmaların vacib problemləri əhatə etdiyini qeyd edərək tədqiqatların davam etdirilməsinin zərurliyini vurğuladı.