AMEA İnformasiya Texnologiyaları İnstitutunun növbəti elmi seminarı keçirildi. Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev tədbirin “Bulud texnologiyalarında informasiya təhlükəsizliyinin təmin edilməsi üçün metod və alqoritmlərin işlənməsi” mövzusunda tədqiqat işi çərçivəsində əldə olunmuş elmi-nəzəri nəticələrin müzakirəsinə həsr olunduğunu bildirdi.
Seminarda institutun aparıcı elmi işçisi, texnika üzrə fəlsəfə doktoru, dosent Fərqanə Abdullayeva tədqiqat işinə dair çıxış edərək bildirdi ki, işin əsas məqsədi bulud texnologiyalarının informasiya təhlükəsizliyinin təmin edilməsi sisteminin yaradılmasının elmi-nəzəri və metodoloji əsaslarının, onun optimal idarə edilməsi üsullarının işlənilməsidir.
Məruzəçi tədqiqat işində bulud texnologiyalarının informasiya təhlükəsizliyinin təmin edilməsinin aktual elmi-praktiki problemlərinin müəyyən edildiyini, bulud texnologiyalarının informasiya təhlükəsizliyi sisteminin konseptual arxitekturasının təklif edildiyini, bulud texnologiyalarında risklərin qiymətləndirilməsi üsulu, provayderin reputasiyasının qiymətləndirilməsi üsulu və bulud texnologiyalarında inamın qiymətləndirilməsi üçün robast model təklif edildiyini söylədi.
Qeyd etdi ki, bulud mühitində yük balanslaşdırılması üçün yükün variasiya avtoenkoderləri əsasında proqnozlaşdırılması üsulu işlənmiş, PSO əsasında yük balanslaşdırılması üsulu təklif edilmiş, bulud Data mərkəzinin funksional modullarında imtinaların proqnozlaşdırılması üçün ARIMA+SVM hibrid üsulu təklif edilmişdir. Həmçinin bulud texnologiyaları mühitində insayder hücumlarının aşkarlanması üsulu işlənmiş, veb-proqramlarda anomaliyaların aşkarlanması üsulu təklif edilmiş, bulud infrastrukturunun keyfiyyət göstəricilərində anomaliyaların aşkarlanması üçün klassifikatorların hibridləşdirilməsi üsulu təklif edilmiş, böyük verilənlərdə anomaliyaların aşkarlanması üçün PSO+K-means alqoritmi işlənmiş, eləcə də şəbəkə mühitində anomaliyaların aşkarlanması üçün PCA+DBSCAN klasterləşdirmə modeli təklif edilmişdir.
F.Abdullayevanın sözlərinə görə, işdə bulud mühitində kiberhücumların sosial media verilənləri əsasında proqnozlaşdırılması üsulu, Konvalyusiya Neyron Şəbəkələri əsasında DDoS hücumların aşkarlanması üsulu, şəkillərin vizuallaşdırılması əsasında bulud texnologiyalarında zərərli proqramların aşkarlanması üsulu, hədəfyönümlü hücumların (APT) aşkarlanması üçün dərin təlim üsulu təklif edilmişdir.
Məruzəçi işdə bulud mühitində saxlanılan böyük verilənlərin analizi üçün dərin təlim əsasında neft quyularında hasilatın proqnozlaşdırılması modeli, neft quyusu avadanlıqlarında imtinaların erkən proqnozlaşdırılması üsulu, həmçinin böyük həcmli fərdi məlumatların gizliliyinin qorunması üçün dərin təlim üsulunun işlənildiyini də diqqətə çatdırdı.
Daha sonra tədqiqat işinə dair müzakirələr aparıldı. Müzakirələrdə şöbə müdirləri – AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru, professor Məsumə Məmmədova, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoruRamiz Alıquliyev, texnika üzrə fəlsəfə doktoru, dosent Yadigar İmamverdiyev, texnika üzrə fəlsəfə doktoru, dosent Bikəs Ağayev və 9 saylı şöbənin baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru, dosent Şəfəqət Mahmudova çıxış edərək təklif və tövsiyələrini səsləndirdilər.
Tədqiqat işinə dair çıxış edən akademik Rasim Əliquliyev bulud texnologiyalarında informasiya təhlükəsizliyinin təmin edilməsi istiqamətində aparılan araşdırmaların müasir dövrdə aktuallıq kəsb etdiyini bildirdi, bu problemlərin dərindən araşdırılmasının zəruriliyini vurğuladı. Akademik tədqiqat işinin məqsədinin aydın şəkildə müəyyənləşdirilməsini təmin etmək üçün onu müxtəlif bloklara ayırmaqla təqdim olunmasını, həmçinin tədqiqat işinin tərtibi zamanı “Hökumət buludu”nun (G-cloud) yaradılması və “bulud” xidmətlərinin göstərilməsi sahəsində tədbirlər haqqında” AR Prezidentinin 3 iyun 2019-cu il tarixli Fərmanında qeyd olunan məsələlərə yer ayrılmasını tövsiyə etdi.
Sonra institutun şöbə müdiri Anar Səmidov 3D-printerin iş prinsipini nümayiş etdirdi. Printerdə çap olunmuş mexanizmləri təqdim edərək tədbir iştirakçılarına avadanlıq haqqında ətraflı məlumat verdi.
Onun sözlərinə görə, daha peşəkar çap üçün hazırlanmış 3D-printerlər çap prosesində müxtəlif rənglərdən istifadəyə imkan verən bir neçə çap başlığına malik olur. Bunun hesabına 390 000 rəng çaları əldə etmək mümkundür. Tədbirdə nümayiş olunan üçölçülü printerdə isə çap prosesi zamanı bir rəngdən istifadə olunur və rəng yalnız kənardan müdaxilə etməklə dəyişilə bilər.
A.Səmidov 3D-printerlərdə eyni zamanda 200-ə yaxın materialdan istifadənin və maketin istənilən rəngdə çap edilməsinin mümkünlüyünü vurğuladı. Qeyd etdi ki, 3D-printerlər memarlıq, incəsənət, zərgərlik, tibb, təhsil, nəqliyyat və digər sahələrdə geniş tətbiq olunur.
Akademik R.Əliquliyev 3D-çap sənayesinin bügünkü vəziyyəti, imkanları və problemlərinin araşdırılmasını, həmçinin çap elektronikası ilə bağlı tədqiqatların aparılmasını tövsiyə etdi.