AMEA İnformasiya Texnologiyaları İnstitutunun 1 saylı şöbəsinin növbəti elmi seminarı keçirildi.
İnstitutun aparıcı elmi işçisi, texnika üzrə fəlsəfə doktoru, dosent Rəna Qasımova “İnternetdə Azərbaycan əlifbası ilə domen adlarının tərtibatındakı bəzi problemlər” mövzusunda məruzəni təqdim etdi. İnternetdə domen adları sistemi haqqında məlumat verən məruzəçi qeyd etdi ki, domen adları nöqtələrlə ayrılmış simvol sahələrindən ibarətdir: “İnternetdə ünvanların idarə edilməsi Domen Adları Sistemi (Domain Name System, DNS) vasitəsi ilə həyata keçirilir. Bu gün DNS milyardlarla sorğunu gündəlik emal edən ən böyük paylanmış verilənlər bazasıdır”.
R.Qasımova İnternetdə Adlar və Nömrələr üzrə Qeydiyyat Korporasiyası (The Internet Corporatinon for Assigned Names and Numbers, ICANN), İnternetdə Nömrələnmənin Təyini üzrə Qeydiyyat Təşkilatı (Internet Assigned Numbers Authority, IANA), İnternet Adların Avropa üzrə Qeydiyyat Qurumu (Reseaux IP Europeens, RIPE), Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (The World Intellectual Property Organization, WIPO) və s. kimi İnternetə nəzarət edən və domen adlarının fəaliyyətinə cavabdeh olan beynəlxalq təşkilatlardan söz açdı.
Onun sözlərinə görə, “Beynəlmiləlləşdirilmiş Domen Adları” (Internationalized Domain Names - IDN) anlayışı yeni minilliyin əvvəllərindən qlobal miqyasda aktuallıq qazanıb. Bu anlayış virtual məkanda ingilis dilinin, habelə latın əlifbasının üstünlüyünün milli dil və əlifbaların xeyrinə dəyişdirilməsi məqsədindən irəli gəlir. Bu mənada IDN-in yaradılması İnternet şəbəkəsinin inkişafı istiqamətində atılan ən mühüm addımlardan biridir.
Əşyaların İnterneti, yəni bizi əhatə edən hər bir maddi varlığın virtual məkanda öz domen adı ilə işarələnməsinin yeni sənaye dövrünün əsas reallıqlarından olacağını qeyd edən R.Qasımova yaxın gələcəkdə bizi əhatə edən bütün faydalı əşyaların İP ünvanına malik olacağını vurğuladı. “Gələcək onilliklər ərzində hər bir dildəki domen adlarının sayı o dildəki kəlmələrin sayı qədər, hətta ondan da çox ola bilər”, - deyə bildirən məruzəçi belə kütləvi prosesin düzgün prinsiplər əsasında aparılmamasının milli dillərin gələcəyinə çox böyük təhlükə yarada biləcəyini qeyd etdi.
R.Qasımova Azərbaycan Respublikası Prezidentinin 09 aprel 2013-cü il tarixli Fərmanı ilə təsdiqlənmiş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın, “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 01 noyabr 2018-ci il tarixli Fərmanının əsas hədəflərindən birinin bu kimi təhlükələrin aradan qaldırılmasının olduğunu nəzərə çatdırdı.
Məruzəçi milli domen adlarının tərtib olunmasında mövcud vəziyyətin analizinin nəticələrini təqdim edərək milli əlifbanın simvollarından istifadə etməklə domen adlarının, eləcə də yeni yüksək səviyyəli domenlərdə (New gTLDI) domen adının qeydiyyata alınması, Azərbaycan dilində olan milli domen adlarından istifadə sisteminin olmaması kimi problemlərin olduğunu bildirdi. O, bununla yanaşı, “Domen adlarının Qeydiyyatı Qaydaları”nın təkmilləşdirilməsi, qeydiyyat üçün nəzərdə tutulmuş beynəlxalq qaydalar və normalara uyğunluq problemlərinin də mövcud olduğunu diqqətə çatdırdı.
Domen adlarının beynəlmiləlləşdirilməsi sahəsində vəziyyət, New gTLDI-də domen adının alınması prosesi barədə danışan R.Qasımova qeyd etdi ki, 1998-ci ildə “Tətbiqlərdə Domen Adlarının Beynəlmiləlləşdirilməsi” (Internationalizing Domain Names in Applications – IDNA) sistemi standart kimi qəbul edildi və bir çox yüksək səviyyəli domen adlarında tətbiq edildi: “2012-ci ildə isə yeni yüksək səviyyəli domenlərin – New gTLD qeydiyyatına icazə verildi. Yeni qərara əsasən, artıq iri şirkət və şəhərlərin özlərinə məxsus domen adlarının alınmasında heç bir məhdudiyyət qoyulmur”.
Daha sonra məruzəçi milli əlifba ilə yazılmış yüksək səviyyəli domen adlarının ICANN tərəfindən akkreditə olunmuş qeydiyyatçılarının siyahısını təqdim etdi.
O, Azərbaycanın milli əlifbası ilə domen adlarının yaradılmasının bir çox problemlərin aradan qaldırılmasına kömək edəcəyini vurğuladı: “Azərbaycan əlifbası ilə domen adlarının tətbiqi ingilis dilini bilməyən insanların, xüsusilə də yaşlı nəslin İnternet resurslarından istifadə imkanlarını genişləndirəcək, domen adlarının yaradılması və tətbiqi ilə bağlı müəyyən məhdudiyyətləri aradan qaldıracaq, eləcə də Azərbaycan dilində əmtəə nişanlarının düzgün təsvirinə imkan yaradaraq çoxdilli domen adları qeyri-ingilis dilli yerli bazarlara çıxış və bu bazarlarda reklam və marketinq kampaniyalarının aparılması üçün geniş və səmərəli imkanlar verəcək, Azərbaycan dilinin norma və qaydalarını təhriflərdən qoruyacaq, istənilən toponim və adların qeydiyyatına imkan yaradacaq”.
“ICANN yeni domen adları ilə işləyə biləcək elektron poçt əlavələri üçün texniki standartların hazırlanmasının başa çatdığını bəyan edir. Lakin buna baxmayaraq, istifadəçilər elektron poçt adlarının yazılışı üçün hələ də latın əlifbasından istifadə edirlər”, – deyə bildirən məruzəçi qeyd etdi ki, hazırda bu qurumda ona daxil olan səkkiz dillə bağlı ərizələrə baxılır.
Sonda R.Qasımova Azərbaycanın milli əlifbası ilə domen adlarının tərtib olunmasının aktual məsələlərdən olduğunu vurğuladı. Bildirdi ki, *.bakı, *.naxçıvan, *.şəki, *.məktəb və s. bu kimi yeni adların alınması, eləcə də “əlincə.az”, “qarabağ.az”, “xankəndi.az” və s. kimi adların tərtibatı üçün mövcud olan problemlərin aradan qaldırması zəruridir.
Məruzə ətrafında geniş fikir mübadiləsi aparıldı, suallar cavablandırıldı.