Qloballaşan dünyada bütün sahələrdə baş verən köklü dəyişikliklər sırasında İnternet, sosial şəbəkələr və onlardan istifadə mühüm yer tutur. Bu dəyişikliklər insanların psixikasına, qarşılıqlı münasibətlər sisteminə əsaslı təsir göstərir, insanların ondan asılılığını qaçılmaz amilə çevirir.
İnternet asılılığının yaratdığı fəsadlar sırasında ayrı-ayrı fərdlərin, o cümlədən yeniyetmə gənclərin asılılığı yüksələn xətlə gedir. Bütün bunlar İnternet fenomeninin yeniyetmə şəxsiyyətinin formalaşmasına təsiri probleminin ciddi şəkildə öyrənilməsini zəruri edir. Bu məqsədlə Sənubər Məmmədovanın müəllifliyi ilə “Yeniyetmə və İnternet” adlı metodik vəsait nəşr olunub.
Təqdim olunan metodiki vəsait bütövlükdə pedaqoji-psixoloji ictimaiyyət, təhsil müəssisələrinin rəhbərləri, ali və orta təhsil müəssisələrinin müəllim, tələbə və valideynləri, dissertantlar, doktorantlar, araşdırılan problemlərlə maraqlanan bütün oxucular üçün nəzərdə tutulmuşdur.
Kitab İnternetin psixoloji təsirinə məruz qalmış yeniyetmələrin davranışının korreksiya edilməsi, elmi-metodik tövsiyələrin hazırlanması üçün istifadə oluna bilər. Həmçinin orta və ali məktəb müəssisələrində, eləcə də yeniyetmə şəxsiyyətinin formalaşmasının müxtəlif aspektlərinin araşdırılması prosesini tədqiq edən müəssisələrin psixoloji fəaliyyətində istifadə oluna bilər.
Metodik vəsaitdə yeniyetmə şəxsiyyətinin formalaşmasının psixoloji xüsusiyyətləri, İnternet fenomeninin mahiyyəti və yaranma tarixi, İnternetin yeniyetmə şəxsiyyətinin formalaşmasında rolu, yeniyetmələrdə kompüter oyun asılılığının sosial-psixoloji məsələləri, müasir yeniyetmələrin ünsiyyət məsələlərinin psixoloji mexanizmi, eləcə də İnternet təhlükəsizliyi məsələləri öz əksini tapıb.
Qeyd edək ki, metodik vəsait AR Təhsil İnstitutunun Elmi Şurasının qərarı ilə çapa tövsiyə olunmuşdur.