İnternet-sosiologiyanın müasir vəziyyəti və problemləri tədqiq olunub 2019-06-19 12:23:00 / KONFRANSLAR

AMEA İnformasiya Texnologiyaları İnstitutunda 16 saylı şöbənin “İnternet-sosiologiyanın müasir vəziyyəti, problemləri” mövzusuna həsr olunmuş növbəti elmi seminarı keçirildi.

Şöbənin proqramçısı Könül Daşdəmirova İnternet-sosiologiyanın yaranma tarixi, müasir vəziyyəti, rəqəmsal sosiologiya, onlayn tədqiqat metodları, İnternet-sosiologiya sahəsində dünya təcrübəsi və Azərbaycanda bu sahədə vəziyyət haqqında ətraflı məlumat verdi. Bildirdi ki, İnternet-sosiologiya cəmiyyətdə mövcud olan informasiya mühitini, informasiya mübadiləsi aparılan zaman insanlar arasında qarşılıqlı əlaqə formalarını tədqiq edir, sosioloji nəzəriyyə və metodologiyanın İnternetə tətbiqini nəzərdə tutur.

İnternet-sosiologiyanın 1990-cı illərin sonlarında formalaşmağa başladığını bildirən məruzəçi 2000-ci illərdən etibarən rəqəmsal sosiologiyanın meydana gəldiyini vurğuladı. O, həmçinin “We are social” və “Hootsuite” şirkətlərinin “Digital in 2019” hesabatını təqdim edərək dünya üzrə aktiv mobil və İnternet, eləcə də sosial media istifadəçilərinin sayı barədə məlumat verdi, sosial platformalarda aktiv istifadəçi hesablarını diqqətə çatdırdı.

K.Daşdəmirova rəqəmsal sosiologiya sahəsində tədqiqatların əsas istiqamətlərindən bəhs edərək şəxsi səviyyə, qrup səviyyəsi və sosial səviyyənin problemlərini qeyd etdi.

Tədqiqatçılar tərəfindən İnternet vasitəsilə məlumatların toplanması üsulu olan onlayn tədqiqat metodlarından (İnternet tədqiqatlar, İnternet elmi, iScience, və ya veb-metodlar) söz açan məruzəçi etnoqrafik metodların tətbiqi ilə İnternet mühitində icmaların və mədəniyyətlərin öyrənilməsinə yönəlmiş onlayn tədqiqat üsulu olan kiber-etnoqrafiya barədə danışdı. O, yüksək keyfiyyətli məlumatların toplanması üçün istifadə edilən onlayn tədqiqat texnologiyası olan İnternet-fokus qruplarından söz açdı.

Məruzəçi, həmçinin ani mesajlaşma texnologiyasına əsaslanan tədqiqat üsulu – İnternet-müsahibə, keyfiyyətli onlayn analiz və sorğu, eləcə də özü yüklənən sorğu haqqında məlumat verdi.

Bildirdi ki, qraflar nəzəriyyəsindən istifadə edərək sosial strukturların tədqiqi prosesi olan sosial şəbəkələrin analizi zamanı struktur, resurs, normativ və dinamik yanaşmalardan geniş istifadə olunur.

K.Daşdəmirova İnternet-sosiologiya sahəsində dünya təcrübəsindən danışaraq ilk dəfə ABŞ sosioloqlarının İnternetdən sosioloji məlumatların toplanması vasitəsi kimi istifadə etməyə başladığını qeyd etdi, İnternet istifadəçilərinin ilk sosioloji tədqiqatının 1994-cü ildə J.Pitkov tərəfindən həyata keçirildiyini vurğuladı.

Məruzəçi İnternet-panellərdən istifadə edərək kütləvi onlayn sorğular aparan “Custom Research”, “Harris Interactive”, “Angus Reid Group”şirkətləri, eləcə də Rusiyada İnternetin auditoriyasını öyrənmək üçün həyata keçirilən “Web-vektor”, “Gallup Net” və “Omnibus” layihələrindən söz açdı. Onun sözlərinə görə, “Web-vektor” layihəsi çərçivəsində araşdırmalar fərdi kompüter istifadəçilərinin sayı, elektron poçt istifadəçilərinin sayı və istifadə tezliyi, İnternet auditoriyanın həcmi, İnternetdən istifadənin tezliyi və həcmi, İnternet auditoriyasının sosial-demoqrafik tərkibi və s. göstəricilər üzrə aparılmışdır.

K.Daşdəmirova Rusiyanın “Monitoring.ru”, “MASMI” agentlikləri, “İctimai rəy” fondu barədə də məlumat verdi. O, “Digital in 2019” hesabatına əsasən, Azərbaycanda İnternet-sosiologiya sahəsində mövcud vəziyyəti diqqətə çatdırdı, ölkəmizdə sosioloji araşdırmaların və rəy sorğularının keçirilməsi və təhlili ilə məşğul olan ictimai qeyri-hökumət təşkilatlarının fəaliyyət istiqamətlərini təqdim etdi.  

Sonda məruzəçi İnternet-sosiologiya üzrə elmi-praktiki işlər üzrə nümunələri nəzərə çatdırdı, bu sahədə keçirilən konfranslar, nəşr olunan kitablar, həmçinin bu sahə üzrə fəaliyyət göstərən tanınmış sosioloqlar haqqında məlumat verdi.

Məruzə ətrafında müzakirələr aparıldı, sual və təkliflər səsləndirildi.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024