İyunun 19-da “Park Inn” oteldə Azərbaycan Milli İnternet Mükafatı olan NETTY 2019-un 15-ci mükafatlandırılma mərasimi keçirildi. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Mədəniyyət Nazirliyinin rəsmi dəstəyi ilə keçirilən tədbirdə ölkənin ən böyük informasiya texnologiyaları şirkətlərinin nümayəndələri, mükafatın nominantları, eləcə də KİV nümayəndələri iştirak edirdilər.
Tədbiri giriş sözü ilə açan nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə mükafat qaliblərini rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin adından təbrik etdi. Bildirdi ki, ümumdünya şəbəkəsinin milli seqmentinin və İT-bazarın inkişafı məqsədilə yaradılmış bu mükafat informasiya texnologiyaları sahəsində Azərbaycanın ilk peşəkar mükafatıdır.
NETTY akademikləri tərəfindən cari ildə müsabiqədə iştirak edən milli veb-saytlar, sosial səhifələr, proqram və layihələr arasından “İdman və Sağlamlıq”, “İqtisadiyyat və Biznes”, “Təhsil və Elm”, “Mədəniyyət və Yaradıcılıq”, “İnformasiya və Xəbərlər”, “Elektron xidmətlər və Elektron kommersiya”, “Cəmiyyət və Ailə”, “Turizm və İstirahət”, “Ən yaxşı sosial səhifə”, “Virtual münsiflər seçimi”, “İlin ən yaxşı videolayihəsi”, “İlin mobil tətbiqi”, İlin İT-Hadisəsi” nominasiyaları üzrə qaliblər elan edildi.
Tədbirdə informasiya texnologiyalarının inkişafında göstərdiyi xidmətlərə görə “Milli informasiya texnologiyalarının inkişafının zənginləşdirilməsinə görə” nominasiyası üzrə mükafata AMEA-nın vitse-prezidenti, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyevin layiq görüldüyü elan edildi. Akademik R.Əliquliyevin mükafatı AMEA İnformasiya Texnologiyaları İnstitutunun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərova təqdim edildi.
Sonra çıxış edən Rəşid Ələkbərov 2004-cü ildən etibarən hər il keçirilən NETTY Azərbaycanın milli İnternet mükafatının ölkəmizdə bu sahədə ən nüfuzlu müsabiqələrdən birinə çevrildiyini vurğuladı. Qeyd etdi ki, bu müsabiqə ölkəmizdə ən yaxşı informasiya texnologiyaları layihələrini, əhəmiyyətli veb-resursları və informasiya texnologiyaları sahəsinin inkişafına mühüm töhfə verən mütəxəssisləri, menecerləri müəyyən edir və onları mükafatlandırır. Bu müsabiqə ölkəmizdə informasiya cəmiyyətinin inkişafına mühüm töhfə verən kollektivlərə, mütəxəssislərə yüksək mənəvi stimul verən bir tədbirdir.
R.Ələkbərov akademik Rasim Əliquliyevin hazırda Şərq Tərəfdalığının GEANT layihəsi çərçivəsində Estoniyada rəsmi səfərdə olduğu bildirdi, R.Əliquliyevin adından onun fəaliyyətinə yüksək qiymət verdiklərinə görə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə, müsabiqənin tərəfdaşlarına, münsiflər heyətinin üzvlərinə və sponsorlara dərin təşəkkürünü bildirdi.
İnformasiya Texnologiyaları İnstitutu ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi arasında uzun müddətdir ki, işgüzar əməkdaşlıq əlaqələrinin davam etdirildiyini qeyd edən R.Ələkbərov informasiya cəmiyyətinin inkişafına dair dövlət proqramlarının həyata keçirilməsində, müvafiq rəsmi sənədlərin hazırlanması və ekspertizası işində, ali məktəb tələbləri arasında İnformatika üzrə olimpiadaların təşkilində iki qurumun birgə fəaliyyət göstərdiyini diqqətə çatdırdı.
“Akademik R.Əliquliyevin qazandığı uğurlarda onun rəhbərlik etdiyi AMEA İnformasiya Texnologiyaları İnstitutunun peşəkar kollektivinin də böyük rolu vardır”, – deyə bildirən R.Ələkbərov institutun Azərbaycanda informasiya cəmiyyəti quruculuğu üzrə dövlət siyasətinin həyata keçirilməsinə həmişə elmi dəstək göstərdiyini, ölkəmizdə informasiya texnologiyaları sahəsində elmi kadrların yetişdirilməsi, müvafiq rəsmi sənədlərin elmi ekspertizasının aparılması, elmi fəaliyyətin informasiya təminatının yaxşılaşdırılması istiqamətində səmərəli fəaliyyət göstərdiyini bildirdi.
Sonda R.Ələkbərov müsabiqənin təşkilində əməyi olan hər kəsə təşəkkürünü bildirdi, müsabiqənin davamlı və uğurlu olmasını arzu etdi.