AMEA-nın vitse-prezidenti, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev 16-20 iyun 2019-cu il tarixlərində Estoniyanın paytaxtı Tallində keçirilən “Terena Networking Conference” (TNC19) beynəlxalq konfransı və GEANT Assosiasiyasının Baş Assambleyasının iclaslarında iştirak edib. GEANT Assosiasiyasının təşkil etdiyi TNC19 Konfransı Avropa elm və təhsil şəbəkələri üzrə ən böyük və nüfuzlu konfrans hesab edilir. Hər il keçirilən konfransda 800-dən çox mütəxəssis iştirak edir. Konfrans Avropanın bütün aparıcı şəbəkə təşkilatlarını, ali təhsil müəssisələrini, şəbəkə mütəxəssislərini, ekspertləri, eləcə də sənaye nümayəndələrini bir araya gətirir. Tədbir iştirakçılarına elmi və texniki sahə ilə yanaşı, tətbiqi və idarəetmə sahələri üzrə tədqiqat şəbəkələrinin ən son nailiyyətləri barədə məlumat təqdim edilib. TNC19 konfransında həmçinin, institutun 4 saylı şöbəsinin baş mütəxəssisi Tural Mustafayev iştirak edib. O, konfrans çərçivəsində bir sıra texniki mühazirələrdə, GEANT təşkilatının “EduGAİN”, “EduVPN”, “Federation Identity” kimi xidmətlərinin inkişafı, tətbiqi problemləri, təhlükəsizliyi ilə bağlı keçirilən seminarlarda iştirak edib, işçi qrupların fəaliyyəti ilə yaxından tanış olub. Bundan əlavə, “Xantaro” şirkətinin nümayəndələri ilə görüşdə EaPConnect layihəsi çərçivəsində alınacaq avadanlıqların texniki parametrləri və görüləcək işlər barədə müzakirələr aparılıb. GEANT Avropanın 36 Milli Elm və Təhsil Şəbəkəsini birləşdirən assosiasiyadır. GEANT Assosiasiyasında və onun tərəfdaş olduğu layihələrdə Azərbaycanı müvafiq dövlət qurumlarının (AMEA, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Təhsil Nazirliyi) rəsmi dəstəyi ilə AMEA İnformasiya Texnologiyaları İnstitutu təmsil edir. GEANT Assosiasiyasının təşəbbüsü və koordinasiyası ilə Şərqi Avropa ölkələrini birləşdirən elm və təhsil üzrə regional şəbəkənin yaradılması və bu ölkələrin Avropanın elektron elm infrastrukturuna qoşulması üçün Avropa Komissiyası EaPConnect (Eastern Partnership Connect) layihəsini maliyyələşdirməyə qərar verib. Layihənin əsas hədəfi Şərq Tərəfdaşlığı regionundakı bütün ölkələri əhatə edən elektron elm infrastrukturu yaratmaq və bu regionda yaşayan və fəaliyyət göstərən alim, gənc tədqiqatçı, müəllim və tələbələrə Avropa Birliyi ilə daha da sıx əməkdaşlıq imkanları tanımaqdır. GEANT Assosiasiyası ilə sıx əməkdaşlıq edən İnformasiya Texnologiyaları İnstitutu milli elm və təhsil şəbəkəsi olan AzScienceNet-in inkişafına nail olub. Hazırda AzScienceNet elektron infrastrukturu vasitəsilə AMEA-nın bütün elmi müəssisə və təşkilatlarına qabaqcıl şəbəkə texnologiyaları və xidmətləri təqdim edilir.