AMEA İnformasiya Texnologiyaları İnstitutunda Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycan ali təhsil sistemində tədqiqat, ixtira və innovasiyaların gücləndirilməsi üçün Texniki Yardım Layihəsi”nin təhsil və layihələrin idarəedilməsi üzrə eksperti, Polşa Milli Nüvə Tədqiqatları Mərkəzinin Kibertəhlükəsizlik Bölməsinin rəhbəri, professor Jacek Gajewski ilə görüş keçirildi. Görüşdə AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev və şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Yadigar İmamverdiyev iştirak edirdilər.
Görüşün keçirilməsində əsas məqsəd elm və təhsilin inteqrasiyası, fəlsəfə doktorluğu hazırlığı səviyyəsinin müasir tələblərə uyğunlaşdırılması, “Azərbaycan ali təhsil sistemində tədqiqat, ixtira və innovasiyaların gücləndirilməsi üçün Texniki Yardım Layihəsi”ndə AMEA İnformasiya Texnologiyaları İnstitutunun imkanları, eləcə də kiber-fiziki sistemlərdə və nüvə tədqiqatı sistemlərində kibertəhlükəsizliyə dair müzakirələrin aparılması idi.
Akademik Rasim Əliquliyev çıxış edərək institutda yaradılmış innovativ şərait haqqında qonağa məlumat verdi, rəhbərlik etdiyi qurumda elm və təhsilin inteqrasiyası məsələlərinə xüsusi önəm verildiyini vurğuladı. Qeyd etdi ki, müasir dövrdə elm və təhsilin əsas vəzifələrindən biri informasiya cəmiyyətinin qurucularını yetişdirməkdən ibarətdir, bunun üçün isə onlayn mühitlər üzrə kadr potensialının formalaşdırılması zəruridir.
İnstitutun bu istiqamətdə böyük təcrübəyə malik olduğunu söyləyən akademik R.Əliquliyev qurumda süni intellekt, verilənlərin intellektual analizi, Data Science, İKT biliklərinin tədrisi ilə bağlı müxtəlif kursların təşkili üçün hər cür şəraitin yaradıldığını bildirdi, bu kursların kommersiya əsaslı təşkili istiqamətində işlərin görülməsinin vacibliyindən danışdı.
Görüşdə Polşa Milli Nüvə Tədqiqatları Mərkəzinin Kibertəhlükəsizlik Bölməsinin rəhbəri, professor Jacek Gajewski rəhbərlik etdiyi bölmə haqqında məlumat verərək bildirdi ki, bu bölmə korporativ şəbəkədə informasiya təhlükəsizliyinin təmin edilməsi ilə yanaşı, kiber-fiziki sistemlərin, o cümlədən sənaye idarəetmə sistemlərinin əsas komponentləri olan proqramlaşdırılan məntiqi idarəetmə (programmable logic controller, PLC) sistemlərinin təhlükəsizliyi istiqamətlərində elmi-praktiki tədqiqatlar aparır və dünyanın nüfuzlu nüvə tədqiqat mərkəzləri ilə sıx əməkdaşlıq əlaqələri qurur.
Akademik R.Əliquliyev iki qurum arasında birgə əməkdaşlıq əlaqələrinin qurulmasına maraqlı olduqlarını bildirdi, qonağı cari ilin noyabr ayında institutda “Fərdi məlumatların təhlükəsizliyinin multidissiplinar problemləri” mövzusunda keçirilməsi nəzərdə tutulan ümumrespublika elmi-praktiki konfransında iştirak etməyə dəvət etdi.
Sonda kibertəhlükəsizlik istiqamətində birgə qrant layihələrinin həyata keçirilməsinə dair müzakirələr aparıldı.