26-30 avqust 2019-cu il tarixlərində Bosniya və Herseqovinanın paytaxtı Sarayevo şəhərində Mother Teresa Women's University, Selcuq Universiteti və bir sıra digər əməkdaş universitetlərin birgə təşkilatçılığı ilə “Qabaqcıl texnologiyalar üzrə 8-ci Beynəlxalq konfrans” (International Conference of Advances Technology– ICAT2019) keçiriləcək.
ICAT19-un əsas məqsədi kompüter elmləri, mühəndislik və elektronika, energetika texnologiyaları, istehsal texnologiyaları, mexatronika və biotibbi texnologiyalar istiqamətləri üzrə əldə olunmuş son tədqiqatların və nəticələrin təqdim olunmasıdır. Bu konfrans dünya universitetləri və elmi təşkilatları arasında əməkdaşlığın formalaşması, qabaqcıl təcrübənin və elmi ideyaların yayılması, birgə elmi əsərlər, kitablar, monoqrafiyalar, jurnalların nəşri və s. ilə elmi nailiyyətlərin əldə olunmasına imkan yaradır.
İnstitutun baş elmi işçisi, texnika üzrə fəlsəfə doktoru, dosent Zərifə Cəbrayılova AMEA İnformasiya Texnologiyaları İnstitutunu bu konfransın beynəlxalq elm komitəsində təmsil edir.
Qeyd edək ki, konfransa təqdim olunmuş elmi əsərlər konfrans materiallarında dərc olunmaqla yanaşı, xüsusi maraq doğuran məqalələr “International Journal of Intelligent Systems and Applications in Engineering”, “International Journal of Applied Mathematics Electronics and Computers” və “International Journal of Energy Applications and Technology” jurnallarında nəşr olunacaq.