AMEA İnformasiya Texnologiyaları İnstitutunda 9 saylı şöbənin növbəti elmi seminarı keçirildi. “Proqram təminatının müşayiət edilməsi mərhələlərinin təhlili” adlı məruzəni təqdim edən şöbənin mühəndisi Şirinbacı Umudova proqram təminatının (PT) həyat dövrünün model və mərhələləri, PT-nin tələblərinin toplanması, PT-nin müşayiət edilməsi, onun kateqoriyaları, mərhələləri, modelləri, eləcə də problemləri haqqında məlumat verdi. Bildirdi ki, istifadəçi tələblərinə cavab verən yüksək keyfiyyətli, effektiv və səmərəli proqram təminatının işlənib hazırlanması PT-nin həyat dövrünün əsas məqsədidir.
Onun sözlərinə görə, PT-nin həyat dövrünün müxtəlif modelləri mövcuddur və bu modellərin seçilməsi verilən layihədən asılıdır. “Bu modellərdə proqram təminatının həyat dövrünün sonuncu və ən vacib mərhələsi proqram təminatının müşayiət edilməsidir”, - deyə bildirən Ş.Umudova qeyd etdi ki, PT-nin müşayiət edilməsi proqram təminatının sifarişçiyə təhvil verildikdən sonra yaranmış səhvlərin düzədilməsi, iş qabiliyyətinin artırılması, köhnəlmiş funksiyaların silinməsi və optimallaşdırılması mərhələlərini özündə birləşdirir.
Məruzəçi PT-nin müşayiət edilməsinin düzəldici, adaptiv, mükəmməl, qoruyucu kimi kateqoriyalarından söz açaraq bu kateqoriyaların faiz nisbətini təqdim etdi.
PT-nin müşayiət edilməsinin problemlərindən danışan məruzəçi qeyd etdi ki, verilənlər bazasının ölçüsü, sistemin istifadə müddəti, onun müşayiət edilməsi üçün ayrılan büdcə və ölçü, işçi heyətinin sayı bu problemləri yaradan səbəblərdəndir.
Ş.Umudova PT-nin müşayiət edilməsinin təhlil, layihə, dəyişikliklərin idarə edilməsi, tətbiq, regresiya və qəbul testi, çatdırılma kimi mərhələləri, eləcə də “Quick-Fix”, “Boehm”, “İterasiyalı inkişaf” modelləri haqqında ətraflı məlumat verdi.
“PT-nin müşayiət edilməsi prosesinin düzgün təşkil edilməsi keyfiyyətli proqram təminatının hazırlaması üçün əsas amillərdən biridir”, - deyə bildirən məruzəçi PT-nin müşayiət edilməsi zamanı ortaya çıxan səhvlərin və digər problemlərin vaxtında aşkar edilməsi ilə daha etibarlı PT-nin əldə olunacağını vurğuladı.
Sonda məruzə ətrafında fikir mübadiləsi aparıldı, suallar cavablandırıldı.