Azərbaycan xam neftinin özlülüyünün qiymətləndirilməsi üçün müxtəlif korrelyasiyalara əsaslanan model işlənilib 2019-06-21 13:10:00 / MÜHÜM HADİSƏLƏR

İnstitut alimlərinin “Evaluation of oil viscosity based various empirical correlations for Azerbaijan crude oils” (Azərbaycanın xam nefti üçün müxtəlif empirik korrelyasiyalara əsaslanan neft özlülüyünün qiymətləndirilməsi) adlı məqaləsi “International Journal of Information Technology and Computer Science” jurnalında dərc olunub. Jurnal “Google Scholar”, “Microsoft Academic Search”, “CrossRef”, “IndexCopernicus”, “IET Inspec”, “EBSCO”, “VINITI”, “JournalSeek”, “WordCat”, “Scirus”, “Academic Journals Database”, “Stanford University Libraries”, “Cornell University Library”, “CNKI Scholar”, “BASE”, “OhioLINK” və s. beynəlxalq elmi bazalarda indeksləşir. Məqalənin müəllifləri institutun şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Yadigar İmamverdiyev və 1 saylı şöbənin baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru, dosent Məkrufə Hacırəhimovadır.

Məqalədə qeyd olunur ki, neft yataqlarında lay flüidinin təzyiq-həcm-temperatur (pressure-volume-temperature, PVT) xüsusiyyətləri haqqında dəqiq biliklər yataqların layihələndirilməsi, işlənməsi və istismarında, quyunun debitinin hesablanması, yerüstü qurğuların layihələndirilməsi, eləcə də karbohidrogen ehtiyatlarının hesablanmasında mühəndis-neftçilər üçün ilkin verilənlər hesab olunur. Özlülük PVT-xassələrinin ən vacib parametrlərindəndir. O, maye axınının daxili müqavimətini müəyyən edir. Neftin özlülüyü təzyiq, temperatur, neftin və qazın xüsusi çəkisi, neftin qazla doyma təzyiqi kimi fiziki xüsusiyyətlərin funksiyasıdır.

Neft sənayesində neftin özlülüyünün qiymətləndirilməsi vacib məsələlərdəndir. Bu məqsədlə məqalədə ədəbiyyatlarda ən çox rast gəlinən bəzi empirik korrelyasiya modelləri (Beggs-Robinson, Labedi, modified Kartoatmodjo, Elsharkawy and Alikhan, Al-Khafaji) tətbiq etməklə Azərbaycanın Günəşli neft yatağından götürülmüş neft nümunələri üzrə neftin özlülüyünün proqnozlaşdırılması məsələsinə baxılmışdır. Eksperimentlər Windows 10 əməliyyat sistemi mühitində Python (Jupyter notebook server) proqramlaşdırma dilindən istifadə etməklə aparılmışdır. Nəticələri vizuallaşdırmaq üçün Matlab, Microsoft Excel proqram platforması istifadə olunmuşdur.

Əvvəlcə Günəşli rezervuarlarından götürülmüş neft nümunələrinin özlülüyü Beggs-Robinson, Labedi və modifikasiya edilmiş Kartoatmodjo, Elsharkawy and Alikhan, Al-Khafaji korrelyasiya tənlikləri ilə hesablanmışdır. Hər bir korrelyasiya modeli əsasında proqnozlaşdırılan qiymətlər eksperimental qiymətlərlə müqayisə edilmişdir. Proqnozun nəticəsi orta mütləq xəta (absolute average deviations), mütləq xəta (mean absolute error), korrelyasiya əmsalı (correlation coefficient), orta kvadratik xəta (root mean square error) kimi statistik funksiyalardan istifadə etməklə qiymətləndirilmişdir. Statistik təhlilin nəticələrinə əsasən, Azərbaycan neftinin özlülüyünün qiymətləndirilməsində Beggs-Robinson modelini daha məqbul hesab etmək olar.

Bu iş Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Elm Fondunun 16LR – AMEA  qrant layihəsi çərçivəsində yerinə yetirilmişdir.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2023