GEANT Assosiasiyası layihələrinin icraçı rəhbəri Leoni Şafer (Leonie Schafer) AMEA nəzdindəRespublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) Monitorinq Mərkəzinin fəaliyyəti ilə yaxından tanış olub. Görüşdə İnformasiya Texnologiyaları İnstitutunun Beynəlxalq əlaqələr şöbəsinin müdiri, texnika üzrə fəlsəfə doktoruBabək Nəbiyev, RSXM-in “Zəlzələlərin tədqiqatı bürosu”nun rəisi Səidə İsmayılova, sistem administratoru Ruqiyyə Kərimova, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Telman Cəfərov və digər məsul şəxslər iştirak ediblər.
Qonağa RSXM tərəfindən aparılan kompleks seysmoloji, geofiziki, geodinamik və geokimyəvi tədqiqatlar haqqında ətraflı məlumat verilib. Qeyd olunub ki, zəlzələlərin tədqiqatı və öyrənilməsi ilə məşğul olan əsas təşkilatlardan biri hesab olunan Mərkəzin Zəlzələlərin Tədqiqatı Bürosu tərəfindən yerli, yaxın və uzaq zəlzələlər, eləcə də vulkanlar, sürüşmələr və partlayışlar emal olunur. Bu isə, real zamanda böyük hesablama resursları və yüksəksürətli İnternet tələb edir.
Bildirilib ki, RSXM-in informasiya resursları ilə təmin edilməsində GEANT-ın dəstəyindən AzScienceNet elm kompüter şəbəkəsi vasitəsilə istifadə edilir. Bununla yanaşı, AMEA İnformasiya Texnologiyaları İnstitutu tərəfindən Mərkəzin şəbəkə infrastrukturunun AzScienceNet şəbəkəsinin Data Mərkəzində yerləşən Milli Eduroam Serverinə qoşulması təmin edilib.
Avropa Komissiyasının Azərbaycanda aparılan seysmoloji tədqiqatlarla yaxından maraqlandığını vurğulayan qonaq bu tədqiqatların və əldə olunmuş nəticələrin yeni yanaşma olduğunu söyləyib və görülən işləri yüksək qiymətləndirib.
L.Şafer Azərbaycan seysmoloqlarının zəlzələlərin öyrənilməsi istiqamətində apardığı tədqiqatların nəticələrinin əhəmiyyətli olduğunu bildirərək bu istiqamətdə ikitərəfli əməkdaşlığın vacibliyini önə çəkib. O, təmsil etdiyi təşkilatın bundan sonra da Mərkəzə informasiya texnologiyalarının təmin olunması istiqamətində dəstək verəcəyini deyib.
Daha sonra qonaq AMEA Biofizika İnstitutunda olub. Qurumun “Milli GRİD Seqmenti”nin baş administratoru Ceyhun Quliyev institutda fəaliyyət göstərən, GEANT şəbəkəsinə inteqrasiya olunmuş Data Mərkəz barədə qonağa məlumat verib. Mərkəzin 2004-cü ildə yaradıldığını qeyd edən C.Quliyev burada görülən işlərin AMEA-nın Fizika və İnformasiya Texnologiyaları institutlarının dəstəyi ilə həyata keçirildiyini deyib.
Bildirib ki, “Milli GRİD Seqmenti” beynəlxalq elmi əlaqələrin genişləndirilməsinə, dünya elminə inteqrasiyanın sürətləndirilməsinə, elmtutumlu mürəkkəb məsələlərin həllinə və Avropa Nüvə Tədqiqatları Mərkəzi (CERN) ilə birgə layihələrin həyata keçirilməsinə xidmət edir. Burada həll olunan məsələlərin emalı və CERN-ə göndərilməsi yüksəksürətli İnternet tələb edir.
Mərkəzin imkanlarından bəhs edən C.Quliyev onun AMEA əməkdaşlarının CERN-lə həm birbaşa, həm də Rusiyanın Birləşmiş Nüvə Tədqiqatları İnstitutu vasitəsilə birgə elmi-tədqiqat işləri aparmasına imkan verdiyini diqqətə çatdırıb.
II GRİD Seqmentinin AMEA İnformasiya Texnologiyaları İnstitutunda yaradıldığını qeyd edən C.Quliyev hər iki kompleksin GRİD infrastrukturunun fiziki və riyazi modelləşdirilməsi üçün istifadə olunduğunu vurğulayıb, ümumilikdə 960 hesablama kanalının mövcud olduğunu bildirib. Onun sözlərinə görə, bu GRİD infrastrukturları Azərbaycan alimlərinin xarici GRİD seqmentlərinin hesablama resurslarından istifadə etməsinə, böyük həcmli yaddaş sistemlərinə giriş və dünyanın müxtəlif mərkəzlərində yaradılmış proqram təminatından yararlanmağa imkan verir.
Leoni Şafer Mərkəzdə görülən işləri yüksək qiymətləndirib, gələcəkdə əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsinin zəruriliyini vurğulayıb.