GEANT-ın Avropa Açıq Elm Buludu layihəsi ilə bağlı müzakirələr aparıldı 2019-05-23 17:11:00 / MÜHÜM HADİSƏLƏR

Ölkəmizdə səfərdə olan GEANT Assosiasiyası layihələrinin icraçı rəhbəriLeoni Şafer (Leonie Schafer) AMEA İnformasiya Texnologiyaları İnstitutunda GEANT Assosiasiyasının təqdim etdiyi Avropa Açıq Elm Buludu (The European Open Science Cloud, EOSC) layihəsinə dair təqdimatla çıxış etdi.

Tədbirdə institutun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov, Beynəlxalq əlaqələr şöbəsinin müdiri, texnika üzrə fəlsəfə doktoru Babək Nəbiyev, şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Yadigar İmamverdiyev, institutun 4 saylı şöbəsinin baş mütəxəssisləri Tural Mustafayev və Oqtay Ələkbərov, eləcə də AzScienceNet şəbəkəsinin məsul şəxsləri iştirak edirdi.

L.Şafer elmi ictimaiyyətin etibarlı və açıq virtual mühitdə xidmətlərə qüsursuz daxil olmasına imkan verən Avropa Açıq Elm Buludu layihəsinin məlumatların uzunmüddətli saxlanılması, əldə edilməsi, birləşdirilməsi, analiz olunması üçün xidmətlər təklif etdiyini, Avropa Birliyində 1,7 milyon tədqiqatçını ödənişsiz, açıq xidmət göstərən etibarlı və fərdi iş mühiti ilə təmin etdiyini diqqətə çatdırdı.

O, həmçinin 23 noyabr 2018-ci ildə imzalanmış Avropa Açıq Elm Buludu Vyana Deklarasiyası haqqında məlumat verdi, burada layihənin istifadəsi ilə bağlı müddəaları diqqətə çatdırdı.

Məruzəçi hazırda reallaşdırılan Açıq Elm Buludu layihələrindən danışdı. Onun sözlərinə görə, bu layihələrə tədqiqatçı pilot layihələri üçün EOSCpilot, e-infrastruktur xidmətlərinin monitorinqi üçün eInfraCentral, müxtəlif xidmətlərə daxil olma kataloqu EOSC-hub, katibliyin təşkilati strukturunu, prosesləri və prosedurları, qaydaları və hüquqi çərçivəni təmin edən Avropa Açıq Elm Buludunun İdarəetmə Şuralarına dəstək üçün EOSCsecretariat.eu, tədqiqat mühiti üçün açıq bulud olan OCRE (Open Cloud for Research Environment) daxildir.

O, həmçinin Avropa Açıq Elm Buludu layihəsi ilə əlaqədar keçiriləcək tədbirlər barədə məlumat verərək institut əməkdaşlarını bu tədbirlərdə fəal iştirak etməyə səslədi.

Sonda təcrübə mübadiləsinin aparılması və texniki məsələlər ətrafında müzakirələr aparıldı, mövcud problemlərin aradan qaldırılması istiqamətində işlərin sürətləndirilməsi tövsiyə olundu.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024