AMEA ilə Rusiya Elmlər Akademiyası arasında elmi-texniki əməkdaşlıq haqqında saziş imzalanıb 2019-05-21 13:36:00 / MÜHÜM HADİSƏLƏR

Mayın 21-də Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətində AMEA-nın prezidenti, akademik Akif Əlizadə və Rəyasət Heyətinin üzvləri ölkəmizdə səfərdə olan Rusiya Elmlər Akademiyasının (REA) prezidenti, akademikAleksandr Sergeyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Qonaqları salamlayan akademik Akif Əlizadə AMEA ilə REA arasında səmərəli əməkdaşlıq əlaqələrindən danışıb.

Akademik müasir elmin çağırışlarını və hazırda bir çox elmi istiqamətlərin multidissiplinar xarakter daşıdığını nəzərə alaraq, elmin, yeni texnologiyaların və innovasiya fəaliyyətinin inkişafı sahəsində əməkdaşlığın daha da genişləndirilməsi və hər iki qurum arasında müxtəlif sahələr üzrə elmi əlaqələrin gücləndirilməsi məqsədini daşıyan yeni əməkdaşlıq haqqında sazişin imzalanmasına zəruriyyət yarandığını qeyd edib.

Akademik Aleksandr Sergeyev görüşə görə AMEA-nın rəhbərliyinə minnətdarlığını bildirib, ölkələrimiz arasında elmi və digər sahələrdə əlaqələrin uğurla davam etdirildiyini söyləyib. İmzalanacaq sazişin əhəmiyyətindən danışan akademik Aleksandr Sergeyev gələcək perspektivlərdən söz açıb.

Sonda AMEA və REA arasında elmi-texniki əməkdaşlıq haqqında saziş imzalanıb. Sənəddə elm və texnologiyaların prioritet istiqamətləri üzrə birgə elmi və elmi-texniki layihələrin hazırlanması və həyata keçirilməsi, bilik, təcrübə və informasiya mübadiləsi, yüksəkixtisaslı kadrların hazırlanması, birgə tədbirlərin keçirilməsi kimi məsələlər öz əksini tapır.

Sazişi AMEA-nın prezidenti, akademik Akif Əlizadə və REA-nın prezidenti, akademik Aleksandr Sergeyev imzalayıblar.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024