Avropanın şərqində yerləşən, Azərbaycan da daxil olmaqla altı ölkənin (Ermənistan, Belarus, Gürcüstan, Moldova Respublikası və Ukrayna) Avropa İttifaqı (Aİ) ilə yaxınlaşmasını nəzərdə tutan Şərq Tərəfdaşlığı proqramı may ayında 10 illiyini qeyd edir.
2009-cu ildə birgə siyasi təşəbbüs kimi icra olunmağa başlayan Şərq Tərəfdaşlığı təşəbbüsü, Aİ, ona üzv ölkələr və onun altı Şərq qonşusu arasında əlaqələri dərinləşdirməyə və gücləndirməyə yönəlmişdir.
Ötən 10 il ərzində Aİ-nin əksər Şərq tərəfdaşlığı ölkələri ilə əlaqələrinə və əməkdaşlığına istiqamət verən mühüm nailiyyətlərə imza atılmış, bütöv regionun vətəndaşlarına böyük faydalar bəxş edən yeni siyasi və iqtisadi ikitərəfli razılaşmalar həyata keçirilmişdir. Aİ-yə üzv dövlətlər və altı Şərqi tərəfdaş ölkəsi arasında daha çox ticarət və sərmayə imkanları təqdim olunmuş, bütöv regionda sərmayə cəlb edən və yeni iş yerləri yaradan daha çoxşaxəli və canlı iqtisadiyyata qədəm qoyulmuşdur.
2030-cu ilə qədər 4800 km yeni və bərpa olunmuş avtomobil yolu və dəmiryolu xəttini əhatə edən Aİ-nin TEN-T nəqliyyat şəbəkəsinin genişləndirilməsi layihəsi çərçivəsində daha yaxşı nəqliyyat əlaqələri və infrastruktur yaradılmışdır ki, bu da Aİ və tərəfdaş ölkələr arasında iqtisadi inkişaf və mübadilələr üçün yeni imkanlar açır.
Gürcüstan, Ukrayna və Moldova arasında vizasız rejim tətbiq edilmişdir. Hazırda Aİ Azərbaycan və Ermənistan ilə viza rejiminin sadələşdirilməsi üzrə danışıqları davam etdirir. Belarus ilə sözügedən danışıqlar artıq yekunlaşdırılmışdır.
“Bələdiyyə sədrlərinin razılaşması” adlı Aİ-nin yerli enerji və iqlim dəyişikliyi üzrə ən çox tanınan təşəbbüsü nəticəsində 6 tərəfdaş ölkənin əhalisinin təqribən 40%-ni əhatə edən 400 bələdiyyədən ibarət şəbəkə yaradılmış və “E5P” Fondunun fəaliyyəti sayəsində bütöv əhalinin 10%-dən çoxu bələdiyyə infrastrukturu sahəsindəki təkmilləşdirilmələrdən faydalanmışdır.
Gənclərin dəstəklənməsi, xüsusilə də Aİ proqramlarından istifadə imkanlarının və bacarıqlarının inkişaf etdirilməsi və məşğulluqlarının artırılması üçün ERASMUS+ proqramı çərçivəsində 2020-ci ilə qədər 80000-dən artıq gəncin mübadilə proqramlarında iştirakı nəzərdə tutulmuşdur.
Bütöv regionda yeni bir pəncərə prinsipinə uyğun xidmət mərkəzi vasitəsilə vətəndaşlara daha əlçatan və keyfiyyətli xidmətə yönəlmiş dövlət xidmətləri, eləcə də altı ölkənin hər birində e-hökümət xidmətləri təqdim olunmuşdur.
Əldə olunan nailiyyətlərdən biri də Avropanın Elm və Təhsil Şəbəkələri Assosiasiyasının (GEANT) təşəbbüsü və koordinasiyası ilə həyata keçirilən, Şərq Tərəfdaşlığı ölkələrini birləşdirən EaPConnect (Eastern Partnership Connect) layihəsi çərçivəsində Şərq Tərəfdaşlığı ölkələrini əhatə edən elektron elm infrastrukturunun yaradılması və bu ölkələrdə fəaliyyət göstərən 700 tədqiqat və təhsil müəssisəsində 2 milyon alim, müəllim heyəti və tələbənin yüksək tutumlu genişzolaqlı İnternet şəbəkəsinə asanlıqla çıxışının təmin edilməsi olmuşdur. Avropa Komissiyasının maliyyə dəstəyi ilə reallaşdırılan “EaPConnect” layihəsi rəqəmsal fərqin aradan qaldırılması, region daxilində qarşılıqlı əlaqələrin yaxşılaşdırılması və yerli alim, tələbə və təqdiqatçıların qlobal tədqiqat və təhsil əməkdaşlığında iştirakının asanlaşdırılmasına imkan yaratmağı qarşısına məqsəd qoymuşdur.
Bu layihədə Azərbaycanı müvafiq dövlət qurumlarının (AMEA, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Təhsil Nazirliyi) rəsmi dəstəyi ilə AMEA İnformasiya Texnologiyaları İnstitutu təmsil edir.
İnformasiya Texnologiyaları İnstitutu GEANT Assosiasiyası ilə sıx əməkdaşlıq nəticəsində milli elm və təhsil şəbəkəsi olan AzScienceNet elm kompüter şəbəkəsinin inkişafına nail olmuşdur. Data Mərkəz, İnternet xidmətləri mərkəzləri, Şəbəkə təhlükəsizliyi və AzScienceCERT kimi şəbəkə əməliyyat mərkəzlərindən ibarət olan AzScienceNet vasitəsilə AMEA-nın elmi müəssisə və təşkilatları, eləcə də AR Təhsil Nazirliyinin elmi qurumlarının bütün əməkdaşlarına elektron infrastruktur üzərindən qabaqcıl şəbəkə texnologiyaları və xidmətləri, o cümlədən Cloud Computing, Cloud Storage, Hostinq, Eduroam, paylanmış çoxterminallı məlumat xidməti, e-kitabxana, distant tədris və s. xidmətlər təqdim edilir.
Hazırda GEANT tərəfindən AzScienceNet-ə təqdim olunan İnternetə qoşulma sürəti 1,5 Gbit/s təşkil edir. Yaxın zamanda bu sürətin daha da artırılması nəzərdə tutulur.
EaPConnect layihəsi çərçivəsində reallaşdırılan layihələrdən biri də uzaq məsafədən insanların bir-biri ilə əlaqə yaratmasına imkan verən və sərhədsiz musiqi imkanları təqdim edən LOLA (LOw LAtency – aşağı gecikməli) audiovizual yayım sistemidir. Hazırda dünyanın 30-dan çox ölkəsi və 80-ə yaxın şəhərindən 107 nöqtədə qoşulmanın həyata keçirildiyi bu layihəyə Azərbaycan AzScienceNet şəbəkəsi vasitəsilə qoşulmuşdur. Sistem İnformasiya Texnologiyaları İnstitutunun dəstəyi ilə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında quraşdırılmışdır.