AMEA İnformasiya Texnologiyaları İnstitutunun 10 saylı şöbəsinin növbəti elmi seminarı keçirildi. İnstitutun böyük elmi işçisi Rəna Məlikova “Universitetlərdə İKT ixtisasları üzrə kadrların hazırlanması: beynəlxalq təcrübə və qiymətləndirmə” mövzusunda məruzəni təqdim etdi. O, dünyanın bütün universitetlərində İKT ixtisasları üzrə tədris strukturunun sxemi, İKT təhsil istiqamətləri, fundamental biliklər, peşə bilikləri üzrə fənlər barədə məlumatı diqqətə çatdırdı. Bildirdi ki, tədris planların analizi nəticəsində müxtəlif ixtisaslar üçün minimal tələblərin müəyyənləşdirilməsi fənnlərin tərkibindəki tədris olunan mövzu və onların tutumu ilə fərqlənir.
Məruzəçi İKT ixtisasları üzrə kadrların hazırlanmasında “Computing Curricula 2013”, “Software Engineering 2014” (SE2014), “Graduate Software Engineering 2009” (GSwE2009), eləcə də “Software Engineering Body of Knowledge” (SWEEBOK) kimi beynəlxalq standartlar haqqında ətraflı məlumat verdi. Qeyd etdi ki, bu stantdartların tətbiqi ilə informatika və proqram mühəndisliyi üzrə tədris standartının son versiyası, bakalavrlar üçün proqram mühəndisliyi sahəsi üzrə tədris proqramı, proqram mühəndisliyi üzrə magistr hazırlığı üçün kurrikulum və biliklər toplusu işlənilib.
R.Məlikova ölkəmizdə və xaricdə ali təhsil müəssisələrində tədrisin ümumi strukturunu və İKT ixtisasları üzrə kadrların hazırlanmasını müqayisəli şəkildə təqdim etdi. İT ixtisasçılarının hazırlanması üçün xaricdə Şimali Amerika və “Career Space” Avropa konsorsiumu tərəfindən təklif olunan yanaşmaların mövcud olduğunu bildirən məruzəçi qeyd etdi ki, İT sahəsi üzrə bakalavr proqramlarının bir çoxu nüvə texnologiyalarının öyrənilməsinə həsr olunmalıdır.
Daha sonra o, İT-ixtisasları üzrə nüvə texnologiyalarının təxmini siyahısı və ixtisaslar üzrə bölgüsünü, İKT sektoru üzrə aktual ixtisaslar, eləcə də mühəndis ixtisasları üzrə təhsil proqramlarının akredetasiyası barədə məlumat verdi.
Məruzəçi Azərbaycanda proqram mühəndisliyinin tədrisi problemlərindən söz açaraq bildirdi ki, informasiya sistemlərində xarici proqramları tədricən sıxışdırıb çıxarmaq üçün milli maraqlara xidmət edən və yerli proqramçılarımız tərəfindən işlənilmiş, sınaqdan keçirilmiş proqram məhsulları istehsal olunmalıdır: “Hazırda İT sahəsi üzrə mütəxəssislərin hazırlanması bütün dünyada prioritet sahələrdən biri kimi qiymətləndirilir. Müasir proqram təminatını işləmək və müşayiət etmək üçün proqram mühəndisliyi üzrə mütəxəssislər proqramlaşdırmanın ən müasir texnologiyaları ilə işləmək qabiliyyətinə malik olmalıdırlar”.
Onun sözlərinə görə, İKT ixtisasları üzrə kadrların hazırlanmasında müvafiq peşə və təhsil standartlarının beynəlxalq təhsil proqramlarına uyğunlaşdırılması, İKT istiqamətləri və ixtisasları üzrə beynəlxalq təhsil standartlarına cavab verən kurrikulum, müasir tələblərə cavab verən müvafiq maddi-texniki baza, müvafiq dərsliklər və onlayn təhsil resurslarının yaradılması zəruridir.
Məruzə ətrafında müzakirələr aparıldı, suallar cavablandırıldı.