Bu gün AMEA İnformasiya Texnologiyaları İnstitutunda bu qurumun dəstəyi ilə həyata keçirilən bəzi milli İKT layihələrinin müzakirəsinə həsr olunmuş toplantı keçirildi.
Tədbirdə AR Prezidentinin Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri, professor Fərəh Əliyeva, AMEA-nın vitse-prezidenti, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyevvə institutun əməkdaşları iştirak edirdi.
Tədbiri giriş sözü ilə açan akademik Rasim Əliquliyev toplantının ölkə Prezidentinin tapşırıqlarına əsasən rəhbərlik etdiyi qurum tərəfindən həyata keçirilən və milli əhəmiyyət kəsb edən bir sıra İKT layihələrinin təqdim olunmasına həsr olunduğunu bildirdi.
İnstitutda Big Data, proqram mühəndisliyi, informasiya iqtisadiyyatı, informasiya təhlükəsizliyi və digər istiqamətlərdə elmi tədqiqatların aparıldığını vurğulayan akademik qurumun, həmçinin ölkəmizdə formalaşan informasiya cəmiyyəti, elektron Azərbaycan, elektron elm və təhsilə, o cümlədən informasiya texnologiyalarının inkişafına və onun geniş tətbiqinə dəstək verdiyini və ölkə rəhbərliyi tərəfindən bu istiqamətdə qəbul olunmuş dövlət proqramlarında yaxından iştirak etdiyini qeyd etdi.
R.Əliquliyev institutun veb-texnologiyalar sahəsində böyük potensiala malik olduğunu diqqətə çatdırdı və qurumun mütəxəssisləri tərəfindən hazırlanan İKT layihələrindən bəhs etdi.
Daha sonra institutun şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Fərhad Yusifov “Elmi kadrlar” Milli İnformasiya Sistemi haqqında məlumat verdi. Bildirdi ki, bu sistem “Azərbaycan Respublikasında elmi və elmi-pedaqoji kadrların attestasiyasının aparılması işinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 10 dekabr 2018-ci il tarixli Sərəncamından irəli gələn vəzifələrin icrası məqsədilə yaradılıb.
Məruzəçi sistemin giriş formasının sturukturunu təqdim edərək onun şəxsi məlumatlar, elmi əsərlər, kitablar, monoqrafiyalar, dərsliklər və dərs vəsaitləri, elmi ekspertiza fəaliyyəti, patentlər və ixtiralar, qrant layihələrində iştirak, eləcə də kadr hazırlığı, respublika, beynəlxalq və xarici ölkələrin elmi qurumlarında təmsil olunma, əlaqə məlumatları bölmələrindən ibarət olduğunu nəzərə çatdırdı.
F.Yusifov Milli İnformasiya Sisteminin imkanlarından danışaraq bildirdi ki, elmi işlər, elmi və elmi-pedaqoji işçilər haqqında informasiya resurslarının, elmi tədqiqatlar haqqında məlumat bazasının formalaşdırılması və elmi informasiyanın əlçatanlığının təmin edilməsi, elmi fəaliyyətin qiymətləndirilməsi və monitorinqi sahəsində idarəetmənin və tənzimləmənin təkmilləşdirilməsi, eləcə də təşkilatlar üzrə elmi fəaliyyətin monitorinqinin və qiymətləndirilməsinin aparılması sistemin əsas prioritet istiqamətlərindəndir. Onun sözlərinə görə, sistem, həmçinin elmmetrik və analitik qiymətləndirmələrin aparılması, müxtəlif kombinasiyalı sorğular əsasında hesabatların əldə olunması və elektron hesabat formalarının hazırlanması baxımından mühüm əhəmiyyətə malikdir.
İnstitutun proqramçısı Yusif Sadıyev “Doktorantura” Milli İdarəetmə Portalı haqqında məlumat verdi. Portalı əyani olaraq nümayiş etdirən məruzəçi onun doktoranturaya müraciət edən şəxslər, elmi rəhbərlər və müvafiq qurumların səlahiyyətli şəxsləri üçün nəzərdə tutulduğunu söylədi. Qeyd etdi ki, Azərbaycan və ingilis dillərində fəaliyyət göstərən portalın əsas məqsədi mövcud məlumatlara əlyetərliliyin artırılması istiqamətində dövlət siyasətinə dəstək verilməsi və Azərbaycanda təhsil alan bütün doktorantlar haqqında məlumatların bir bazada cəmləşdirilməsidir. Daha sonra məruzəçi doktorantlar və elmi rəhbərlərin qeydiyyatdan keçərək məlumatlarını yerləşdirməsi prosesini izah etdi. Onun sözlərinə görə, doktorantların hər il keçdikləri attestasiyanın nəticələri bu sistemdə öz əksini tapacaq və doktorantlar müdafiə etdikdən sonra belə onlar haqqında məlumatlar portalda saxlanılacaq.
Sistemdə ölkəmizdə doktorantura təhsil sistemi ilə bağlı mövcud rəsmi sənədlər, doktoranturaya qəbul olmaq iddiasında olan şəxslərin hüquq və vəzifələri haqqında məlumatların yer aldığını bildirən məruzəçi qeyd etdi ki, sistem, həmçinin xaricdə təhsil almaq istəyən şəxslər üçün nəzərdə tutulub və portalda doktorantların işlə təmin olunması üçün imkanlar təqdim edilib.
İnternet platformada müxtəlif ölkələrin musiqi ifaçılarının onlayn orkestr sistemi (LOLA sistemi) haqqında çıxış edən institutun şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Babək Nəbiyev institutun AzScienceNet şəbəkəsinin üzvü olduğu GEANT (Avropa Elm və Təhsil Şəbəkələri Assosiasiyası) Assosiasiyasının Şərq Tərəfdaşlığı ölkələrini birləşdirən EaPConnect (Eastern Partnership Connect) layihəsi çərçivəsində bir sıra layihələrin reallaşdırıldığını bildirdi. Məruzəçi bu layihələrdən biri olan uzaq məsafədən insanların bir-biri ilə əlaqə yaratmasına imkan verən və sərhədsiz musiqi imkanları təqdim edən LOLA (LOw LAtency – aşağı gecikməli) audiovizual yayım sistemi haqqında məlumat verdi. O, sistemin İtaliyanın elm və tədqiqat şəbəkəsi olan GARR ilə əməkdaşlıq edən “Giuseppe Tartini” adına musiqi konservatoriyası tərəfindən yaradıldığını diqqətə çatdırdı.
Hazırda bu sistemə dünyanın 30-dan çox ölkəsi və 80-ə yaxın şəhərindən 107 nöqtədə qoşulmanın həyata keçirildiyini deyən məruzəçi bu yaxınlarda İnformasiya Texnologiyaları İnstitutunun dəstəyi ilə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında quraşdırılmış LOLA audiovizual yayım sisteminin sınaq rejimində nümayiş olunduğunu və 2019-cu il ərzində bu texnologiyanın Azərbaycanda rəsmi təqdimat mərasiminin keçirilməsinin planlaşdırıldığını diqqətə çatdırdı.
Daha sonra institutun böyük elmi işçisi Səbinə Məmmədzadə “Transliterasiya” informasiya sisteminin veb-saytını təqdim etdi. O, institutun mütəxəssisləri tərəfindən hazırlanan saytın AR Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarının İnternet informasiya ehtiyatlarının yaradılması və idarə edilməsinə dair Tələblər”ə və AR Xüsusi Dövlət Mühafizə Xidmətinin tələblərinə uyğunlaşdırıldığını qeyd etdi. S.Məmmədzadə onlayn mühitdə işləyəcək açıq sistem olan transliterasiya sisteminin Azərbaycan, ingilis, rus, fransız, alman, fars dilləri üçün nəzərdə tutulduğunu söylədi. Həmçinin, onun “Ana səhifə”, “Transliterasiya haqqında”, “Transliterasiya standartları”, “Transliterasiya cədvəlləri”, “Təkliflər” və “Əməkdaşlıq” bölmələrindən ibarət olduğunu diqqətə çatdırdı.
S.Məmmədzadə bildirdi ki, transliterasiya cədvəlləri müvafiq sahələrin mütəxəssisləri ilə birlikdə tərtib edilib və mətnləri Azərbaycan dilindən ingilis, rus, fransız, alman, fars dillərinə və bu dillərdən Azərbaycan dilinə transliterasiya cədvəlləri ilə yükləmək mümkündür. Onun sözlərinə görə, transliterasiya dildəki vahidlərin simvollarla, verilmiş dil vahidlərinin digər dil vahidləri ilə əvəzlənməsi üsulları ilə həyata keçirilir.
Sonda çıxış edən AR Prezidentinin Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri, professor Fərəh Əliyeva təqdim olunan layihələrin ölkə üçün əhəmiyyətini qeyd edərək layihələri yüksək qiymətləndirdi, onların praktiki tətbiqinin vacibliyini vurğuladı və işlərin sürətləndirilməsini tövsiyə etdi.
Təqdimatlara dair geniş fikir mübadiləsi aparıldı, sual və təkliflər səsləndirildi.