Hesablama Maşınları Assosiasiyası (Association for Computing Machinery, ACM) beynəlxalq təşkilatının Azərbaycan bölməsi və ADA Universitetinin ACM tələbə bölməsi tərəfindən mayın 4-5-də “Bərabərliyin iki tərəfi var” mövzusunda IV Ada mirası tədbiri keçirilib.
İlk kompüter proqramçısı, ingilis riyaziyyatçısı Ada Lavleyslə bağlı olan tədbir ADA Universitetində 4-cü ildir ki, keçirilir. Tədbirin məqsədi qadınları texniki sahələr, o cümlədən informatikanın müxtəlif istiqamətləri üzrə təhsil almağa və karyera qurmağa təşviq etmək, onları cari ilin sentyabrın 16-dan 18-dək Romada keçiriləcək beynəlxalq “womENcourage 2019”konfransında iştirak etməyə həvəsləndirməkdir.
Builki Ada mirası tədbirinin ilk günündə ötən il Belqradda keçirilmiş “womENcourage” və mühəndis qadınların “Qreys Hopper” konfranslarında iştirak etmiş tələbələr öz təcrübələrini bölüşüblər.
Tədbirdə ADA Universitetinin İT və mühəndislik fakültəsinin dekanı Araz Yusubov “Ada mirası: bu necə başladı” mövzusunda təqdimatla çıxış edərək 2016-cı ildən keçirilən tədbirdə hər il ən azı 5 azərbaycanlı tələbənin təqaüd qazandığını diqqətə çatdırıb.
AMEA İnformasiya Texnologiyaları İnstitutunun 9 saylı şöbəsinin baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru, dosent Şəfəqət Mahmudovanın da üzvü olduğu beynəlxalq elmi komitə (ABŞ-ın “Synopsis İnc” şirkətinin Deep Learning üzrə mühəndisi Sabrina Əliyeva, Bakı Ali Neft Məktəbinin Proseslərin avtomatlaşdırılması mühəndisliyi kafedrasının müdiri, dosent Nailə Allahverdiyeva və dosent Leyla Muradxanlı, İngiltərənin “Nominet” şirkətinin baş tədqiqatçısı Çiğdəm Şəngül) tərəfindən uğurlu tələbə tədqiqat işləri seçilib.
Paralel sessiyalarda informatikanın tədrisi istiqamətində “Kod saatı” layihəsi və “Unity” oyun tərtibatı platforması barədə seminarlar keçirilib. Üçüncü sessiyada iki sənədli film – Ada Lavleysin həyatından bəhs edən “İnformatikanın şahzadəsi: Ada tənliyini həll edərkən” və video-oyun tərtibçiləri barədə “Müstəqil oyun: kinofilm” nümayiş etdirilib. Növbəti gün isə, video-oyunların hazırlanması mövzusunda hakafon (haker marafonu) keçirilib.
Tədbirin elmi komitəsinin üzvü, dosent Şəfəqət Mahmudova, həmçinin plenar iclasda “İnformatikada qadınlar: nümunələr və rəqəmlər” adlı məruzə ilə çıxış edib. O, məruzəsində dünyada və Azərbaycanda İKT sahəsində çalışan və Tyurinq, İEEE, ACM, ADA mükafatlarına layiq görülmüş qadınlar haqqında statistik məlumatları səsləndirib. Ş.Mahmudova İnformasiya Texnologiya İnstitutunda çalışan qadınların İKT sahəsində elmi fəaliyyəti barədə məlumat verib. Qeyd edib ki, qadınlar institutun elmi istiqamətləri üzrə tədqiqatların aparılmasında fəal iştirak edərək bu sahədə uğurlu nəticələr əldə ediblər.
Tədbirdə, həmçinin institutun doktorantları – Günay İskəndərli “Filtration of Terrorism-Related Texts in the E-government Environment” (E-dövlət mühitində terrorizmlə bağlı mətnlərin filtrasiyası), Şəlalə Mansurova “Bulud modellərinin təhlükəsizliyinin qeyri-səlis çoxkriteriyalı qiymətləndirilməsi” adlı posterlərlə çıxış ediblər. İnstitutun əməkdaşları Şirinbacı Umudova, Aygül Fəxrəddin qızı, Nərgiz Verdiyeva isə dinləyici qismində iştirak ediblər.
Qeyd edək ki, tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.