Mayın 1-də Azərbaycan Milli Elmlər Akademiyasının Ümumi yığıncağında AMEA-nın vitse-prezidenti vəzifəsinə seçki keçirilib.
Akademiyanın 58 həqiqi üzvü arasında gizli səsvermə yolu ilə keçirilən seçkidə AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev AMEA-nın vitse-prezidenti seçilib.
Akademik R.Əliquliyev 1979-cu ildə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunun “Avtomatika və hesablama texnikası” fakültəsini “Elektron hesablama maşınları” ixtisası üzrə bitirib.
1979-1986-cı illərdə AEA Kibernetika İnstitutunda mühəndis, böyük mühəndis, komsomol katibi vəzifələrində çalışıb və aspiranturada təhsil alıb.
1986-cı ildə AEA Avtomatlaşdırılmış İdarəetmə Sistemləri Şöbəsinə köçürülüb: böyük mühəndis, aparıcı mühəndis, “Respublika hesablama mərkəzləri və verilənlərin ötürülməsi şəbəkəsi” layihəsinin baş mühəndisi, təşkilatın baş mühəndisi – direktor müavini vəzifələrində işləyib.
2002-ci ildən AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktorudur.
Texnika elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvüdür.
Azərbaycan Respublikasının Prezidentinin fərmanı ilə 2009-cu ildə “Tərəqqi” medalı ilə təltif olunub.
2013-cü ildən bu günədək AMEA-nın akademik-katibi olub.
Akademik Rasim Əliquliyevi institutun kollektivi adından təbrik edir, yeni vəzifəsində uğurlar arzulayırıq.