Bu gün AMEA İnformasiya Texnologiyaları İnstitutunun elmi katibi və şöbə müdiriMədinə Səidovanın 70 yaşı tamam olur.
Mədinə xanım mənəvi keyfiyyətləri, nəcib insani xüsusiyyətlərinə görə kollektivdə sevilən, dərin hörmət qazanan ziyalı xanımlardan biridir. AMEA İnformasiya Texnologiyaları İnstitutunda 45 ildən artıq çalışdığı müddət ərzində Mədinə xanım məhsuldar fəaliyyəti ilə hər zaman fərqlənən dəyərli kadrlardan olub. O, hər bir işdə yüksək peşəkarlıq nümayiş etdirməklə gənclərə örnək olub. Mədinə xanım gənc nəslin yüksək qabiliyyətli kadr kimi formalaşmasına böyük qayğı ilə yanaşır, institutda təşkil olunan müxtəlif tədbirlərin təşkilində yaxından iştirak edir. Bu fəaliyyəti ilə o, rəhbərliyin böyük etimad və hörmətini qazanıb.
Ömrünün müdrik çağına qədəm qoyan, öz gözəl çöhrəsi, gülər üzü ilə hər birimizin qəlbinə yol tapan Mədinə xanım yüksək mənəviyyatı, tükənməz enerjisi, yaradıcılıq qabiliyyəti, əməksevərliyi sayəsində iş yoldaşları, dost-tanışları arasında böyük hörmət qazanıb.
İnstitutun kollektivi Mədinə xanımı yubileyi münasibətilə təbrik edir, ona insan həyatı üçün ən dəyərli nemət olan can sağlığı, uzun ömür, elmi-təşkilati, ictimai fəaliyyətində müvəffəqiyyətlər arzulayır.