Kriptovalyuta kurslarının proqnozlaşdırılması üçün ARIMA modelinin tətbiqi müzakirə olunub 2019-04-26 17:09:00 / KONFRANSLAR

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 2 saylı şöbəsinin növbəti elmi seminarı keçirilib. Seminarda institutun magistrantı Firəngiz Sadıyeva“Kriptovalyuta kurslarının proqnozlaşdırılması üçün ARIMA modelinin tətbiqi” mövzusunda məruzəni təqdim edib. O, son on ildə meydana çıxan Bitkoin və digər kriptovalyutaların cəlbedici maliyyə alətinə çevrildiyini və onların əsas texnoloji prinsiplərini diqqətə çatdırıb.

Məruzəçi qeyd edib ki, hazırda kriptovalyuta bazarının ümumi həcminin yüz milyard dollarla ölçülməsinə baxmayaraq, bu yeni maliyyə alətlərinin elmi-tədqiqatları hələlik başlanğıc mərhələdədir. Onun sözlərinə görə, kriptovalyutaların qiymətlərinin proqnozlaşdırılması və modelləşdirilməsi yeni formalaşmaqda olan vacib tədqiqat istiqamətlərindən biridir. Bu məsələ təkcə adi istifadəçiləri və treyderləri deyil, iri investorları və iqtisadi siyasət sahəsində strateji qərar qəbul edənləri də maraqlandıran aktual məsələdir.  

F.Sadıyeva kriptovalyutaların kurslarının proqnozlaşdırılması üçün klassik zaman sıraları modellərindən ARIMA (Auto-Regressive Integrated Moving Average) modelinin tətbiqi barədə məlumat verib. Eksperimentlər üçün coinmarket.com saytından götürülmüş kriptovalyuta verilənlərinin tərkibini diqqətə çatdıraraq stasionarlığın analizi metodlarının tətbiqi əsasında ARIMA modelinin seçilmiş parametrlərini və eksperimentlərin nəticələrini təqdim edib.

Məruzəçi kriptovalyutaların qeyri-stasionar və xaotik təbiətinin ARIMA modelinin tətbiqini xeyli çətinləşdirdiyini və gələcək tədqiqatlarında bu çətinliyi aradan qaldırmaq üçün maşın təliminə əsaslanan üsulların, o cümlədən dərin təlim üsullarının tətbiqinin nəzərdə tutulduğunu da vurğulayıb. 

Sonda məruzə ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb. Şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Yadigar İmamverdiyev magistrant Firəngiz Sadıyevanın mövzu üzrə apardığı elmi tədqiqat işi barədə bir sıra tövsiyə və təkliflərini diqqətə çatdırıb.  

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024