ABŞ alimlər qrupu hərbi əməliyyatlarda iştirak etmiş veteranların posttravmatik stress pozuntusunun (PTSP) səs xüsusiyyətlərinə görə müəyyənləşdirilməsi məqsədilə tədqiqat aparıb. Tədqiqatın yekununda süni intellekt əsasında xəstəlik simptomlarını aşkarlayan xüsusi kompüter proqramı hazırlanıb. PTSP-də diaqnostik dəqiqlik göstəricisi 89 faiz təşkil edib.
“ICTnews” Elektron Xəbər Xidməti “Planet Today” resursuna istinadən yazır ki, tədqiqatda İraq və Əfqanıstanda aparılan hərbi əməliyyatların 53 PTSP diaqnozlu veteranı, eləcə də belə xəstəliyi olmayan 78 veteran iştirak edib. Alimlər könüllülərlə aparılan çoxsaatlı diaqnostik söhbətləri qeydə aldıqdan sonra qısa audioyazılar formasında 40 mindən çox nitq xüsusiyyəti aşkarlayıblar. Tədqiqatda istifadə edilən nitq analizi texnologiyası tələffüz edilən sözləri danışığın tezlik, ritm, ton və artikulyasiya xüsusiyyətləri ilə müqayisə edib.
Daha sonra səs analizi kompüter təlimi alqoritmləri çərçivəsində proqram şablonları yaradıb və sınaqda iştirak edənlərin spesifik nitq xüsusiyyəti nümunələrini onların PTSP-yə malik olub-olmaması ilə əlaqələndirib. Alimlər qeyd edib ki, anlaşılmaz danışıq və insan səsinin cansız tonu uzun müddət posttravmatik pozuntunun əsas simptomu hesab edilsə də, aparılmış tədqiqat belə yanaşmanın səhv olduğunu müəyyənləşdirib.