Beynəlxalq antivirus proqram təminatı istehsalçısı olan “ESET” şirkəti 2015-ci ildə informasiya təhlükəsizliyi bazarında mövcud olacaq vəziyyəti əks etdirən proqnoz təqdim edib.
“Cari ildə antivirus bazarında mövcud olan güclü rəqabətə yalnız əsas və böyük antivirus brendləri tab gətirə biləcək” - deyə şirkətin Rusiya və MDB-dəki nümayəndəliklərinin rəhbəri Denis Mateev bildirib.
Gazeta.ru saytının məlumatına görə, 2014-cü ildə ESET-in kompleks məhsullarının satış həcmi 21 faiz, Android qurğular üçün antivirus məhsullarının satış həcmi isə 3 dəfə artıb. Bu, mobil təhlükəsizliyə olan diqqətin getdikcə artması deməkdir.
Mateev söyləyib ki, hazırda fərdi kompüterlər üçün antivirus proqram təminatı bazarında sakitlik hökm sürür. Bütün dünyada noutbuk və fərdi kompüterlərin satış həcmi azalıb. Antivirus məhsulları isə daha çox məhz bu dəstlərlə satılır.
Əksər şirkət analitikləri verilmiş proqnozla razılaşaraq bildiriblər ki, elektron valyuta və əşyaların İnternetinə kiberhücumların sayının artması və hakerlərin fəallığının güclənməsi bu il gözlənilən əsas kibertəhlükələrindəndir.
“Kasperski Laboratoriyası” analitikləri isə 2015-ci ildə bankomatlara kiberhücumların sayının artmasının da gözlənildiyini qeyd ediblər.
Proqnozlara əsasən, növbəti mərhələ real vaxt rejimində bankların kompüter şəbəkəsi sistemlərinin kibercinayətkarlar tərəfindən “sındırılması” olacaq.
Şübhəsiz ki, bu il informasiya təhlükəsizliyinin ənənəvi problemləri də (proqram təminatı tənzimləmələrinin düzgün qurulmaması, yenilənmələrin çatışmazlığı və s.) aktuallığını qoruyacaq.