AMEA İnformasiya Texnologiyaları İnstitutunda 3 saylı şöbənin növbəti elmi seminarı keçirildi.
Tədbiri giriş sözü ilə açan şöbə müdiri Təhmasib Fətəliyev seminarın “Vətəndaş elmi layihələrində inklüzivliyin təmin edilməsi” mövzusuna həsr olunduğunu bildirdi.
Məruzəni şöbənin əməkdaşı Nərgiz Verdiyeva təqdim edərək vətəndaş elmi layihələrinin yaradılması mərhələləri, vətəndaş elmində inklüzivliyin təmin olunması barədə məlumat verdi. Qeyd etdi ki, təqdim olunan ideyanın müəyyən elmi dəyərinin olması vətəndaş elmi layihəsinin təşkil edilməsi üçün əsas şərtlərdəndir.
Onun sözlərinə görə, vətəndaş elmi layihəsinin formalaşdırılması üçün layihənin məqsədi və həll etdiyi elmi məsələlər müəyyənləşdirilməli, onu həyata keçirən komanda formalaşdırılmalı, məlumatların toplanması formaları, protokol və təlim materialları hazırlanmalı, yoxlanmalı və inkişaf etdirilməlidir. Bundan əlavə, könüllü iştirakçılar layihəyə cəlb olunmalı, iştirakçılar üçün təlimlər təşkil edilərək həyata keçirilməli, eləcə də toplanmış məlumatların ilkin və son emalı aparılmalı və nəticələr yayılmalıdır.
Məruzəçi eyni zamanda vətəndaş elmi layihəsində vəzifə və öhdəliklər, aydın təyin olunmuş məqsədlər, iştirak formaları, aydın tədqiqat məsələsi, hüquqi tələblər, metodların seçilməsi, qiymətləndirmə kimi təşkilatı aspektlər haqqında danışdı.
N.Verdiyeva vətəndaş elmində inklizüvliyin sosial vəziyyətindən asılı olmayaraq cəmiyyətin müxtəlif kateqoriyalı vətəndaşlarının iştirakı ilə xarakterizə olunmasından danışaraq onun təmin olunması üçün passiv və iddialı inklüzivlik kimi növlərinin olduğunu diqqətə çatdırdı.
O, dil və savad maneələrinin aradan qaldırılması üçün istifadə olunan Sapelli proqram təminatı, bu proqramın interfeysi barədə məlumat verdi, onun istifadəsinə dair nümunələr göstərdi.
Məhdudiyyətli şəxslər üçün inklüzivliyin təmin olunması istiqamətində görülən işlərdən danışan məruzəçi ABŞ-ın timsalında məhdudiyyətli şəxslərə elm və təhsil sahəsində peşakar imkanların yaradıldığını qeyd etdi.
Avropa səviyyəsində elmə mükəmməllik və inklüzivlik gətirməyə hədəflənmiş Avropanın Elm və Texnologiyada Kooperasiya (European Cooperation in Science and Technology, COST) layihəsindən, COST inklüzivlik hədəfi ölkələrindən söz açan məruzəçi qeyd etdi ki, layihənin inklüzivlik siyasəti coğrafi əhatə, karyera mərhələsi və gender bərabərliyi kimi üç əsas element ətrafında qurulub. Bildirdi ki, COST inklüzivliyinin əsas məqsədləri Avropa ərazisində elm və texnologiyada mükəmməlliyin müəyyən edilməsi, tədqiqat cəmiyyətlərinin maliyyələşdirmə və infrastrukturlara giriş imkanlarının artırılması, eləcə də üzv ölkələrin milli tədqiqat sistemlərində struktur dəyişikliklərin edilməsi məsələləridir.
Sonda məruzəçi qeyd etdi ki, e-elmin yeni istiqaməti kimi formalaşan vətəndaş elmində inklüzivliyin təmin olunması bütövlükdə elmin inkişafına müsbət təsir edən amillərdəndir. Müxtəlif təcrübəyə və həyat tərzinə malik olan şəxsləri bir araya gətirən inklüziv vətəndaş elmi layihələri sosial ədalət prinsiplərini qorumaqla hər bir iştirakçının təcrübəsini daha da zənginləşdirərək inklüziv cəmiyyətin formalaşmasına dəstək olur.
Məruzə ətrafında müzakirələr aparıldı, suallar cavablandırıldı.