İnstitut əməkdaşlarının elmi məqaləsi beynəlxalq jurnalda nəşr olunub 2019-04-17 16:25:00 / MÜHÜM HADİSƏLƏR

AMEA İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşaları şöbə müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyevin və Roza Şahverdiyevanın həmmüəllifi olduqları “Multi-level system of indicators on the activity of innovative technology parks in the sectors of information and knowledge economy” (“İnformasiya və biliklər iqtisadiyyatı sektorlarında innovativ texnologiya parklarının fəaliyyətinin çoxsəviyyəli göstəricilər sistemi”) adlı məqaləsi “Management Dynamics in the Knowledge Economy” jurnalında nəşr olunub.

Məqalədə informasiya və biliklər iqtisadiyyatı sektorlarında innovativ texnologiya parklarının fəaliyyətinin çoxsəviyyəli göstəricilər sisteminin işlənilməsi məsələləri araşdırılıb. Qeyd olunur ki, inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin iqtisadi sistemi ilkin olaraq təbii və maddi resurslara əsaslanır. Sonrakı inkişaf mərhələsində resurs üstünlüyündən yararlanaraq informasiyaya, biliyə, İKT-yə əsaslanan yeni innovativ iqtisadiyyat formalaşdırılır, əsas iqtisadi inkişaf artımı innovativ texnoparklarda həyata keçirilir.

Bu aspektdə texnoparkların çoxsəviyyəli kompozit indikatorlar sisteminin işlənilməsinin elmi-metodoloji əsasları tədqiq olunaraq kompozit indikatorlar sisteminin yaradılması mərhələləri, onlara qoyulan tələblər, onların ümumiləşdirilmiş tərkibi və məzmunu göstərilib. Texnoparkların fəaliyyətini ayrı-ayrılıqda xarakterizə edən əsas indekslər qrupu və ona uyğun funksiyalar müəyyənləşdirilib. Çoxsəviyyəli kompozit indikatorlar sistemi baş səviyyəni və özündən sonra gələn aşağı səviyyələri inteqrativ olaraq əks etdirir.

İndikatorlar sisteminə texnoparkların əsas kompozit indeksi və 10 subindeksi daxil edilib. Texnoparkların əsas və subindekslərinin funksional şəkildə asılı olduğu indikator və göstəricilərin müəyyənləşdirilməsinin ardıcıl formalaşdırılması mərhələləri təklif olunub, həmçinin, göstəricilər əsasında gələcək tədqiqatın istiqamətləri müəyyənləşdirilib.

Qeyd edək ki, “Management Dynamics in the Knowledge Economy” jurnalı “EBSCO”, “BASE”, “Cabell's”, “DOAJ”, “Index Copernicus”, “ERIH Plus”, “GIF”, “NewJour”, “ProQuest”,  “RePEc - EconPapers”, “Ulrich’s” və s. kimi  nüfuzlu elmi bazalarda indeksləşib.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024