AMEA İnformasiya Texnologiyaları İnstitutunun Tədris-İnnovasiya Mərkəzindəinstitutun dissertantı Bahar İsmayılovanın “İntellektual oyunların tətbiqi ilə keçirilən dərslərdə şagirdlərin qiymətləndirilməsi” mövzusunda məruzəsi dinlənildi.
B.İsmayılova dövlətin, cəmiyyətin və təhsil alan şəxslərin təhsil sisteminə dair sosial tələbinin keyfiyyətli təhsildən ibarət olduğunu bildirdi, təhsil sahəsində aparılan bütün islahatların məqsədinin onun keyfiyyətinin yüksəldilməsinə xidmət etdiyini vurğuladı.
O, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının təqdim etdiyi 57 ölkənin 15 yaşlı məktəblilərinin bilik reytinqini diqqətə çatdırdı. Bildirdi ki, ümumtəhsil məktəbinin əsas vəzifəsi fərdin təbii imkanlarının inkişaf etdirilməsi, fiziki, əqli, intellektual imkanları nəzərə alınaraq onların şəxsiyyətinin formalaşdırılmasından ibarətdir. Məruzəçi müasir dövrdə yeni peşələrin əmələ gəlməsi ilə tələbatın azaldığı bacarıqlardan da söz açdı.
“Təhsildə keyfiyyətin müəyyən olunması şagirdin nailiyyətlərinin obyektiv qiymətləndirilməsi ilə şərtlənir”, – deyə bildirən B.İsmayılova qeyd etdi ki, hər bir dərsdə mənimsəmənin və keyfiyyətin faktiki vəziyyəti qiymətləndirilməli, onun yüksəldilməsi və idarə olunması problemi həll olunmalıdır. Onun sözlərinə görə, faktiki vəziyyətin qiymətləndirilməsi statik xarakter daşıyır və nəticələr qiymətləndirmənin aparıldığı zamandakı vəziyyəti əks etdirir. Fasiləsiz olaraq sistemli şəkildə qiymətləndirmələr aparılarsa, müəyyən dövr ərzində parametrin qiymətini və vəziyyətin dəyişmə dinamikasını müəyyənləşdirmək olar.
Məruzəçi bildirdi ki, qabaqcıl təhsil sisteminə malik ölkələrdə şagirdlərin nailiyyətlərinin monitorinqi məktəbin müəllimləri tərəfindən aparılır. Şagirdin öz fəaliyyətini mütəmadi olaraq qiymətləndirməsi üçün krossvordun yaradılması və həll edilməsi müsbət nəticə verən üsullardan biridir.
O, qeyd etdi ki, şagirdlərin mövzunu yaxşı mənimsəməsi üçün onlar ən azı 7-8 termini anlamalı və yadda saxlamalıdır: “Bunun üçün ən effektiv üsul həmin terminlərə aid müqayisəedici, dəyərləndirici sualların köməyi ilə krossvordun tərtib olunmasıdır”.
Sonda məruzəçi krossvord yaratma və həll etmə üsullarını nümunələrlə izah etdi.
Məruzə ətrafında fikir mübadiləsi aparıldı, suallar cavablandırıldı.